Ş a h z a d ə. Etiraf edirəm ki, biz azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik... Axı, İranın Şah İsmayıl kimi, Nadir şah kimi qəvi hökmdarları azərbaycanlı olmuşdur. Mən hələ Qacarları demirəm.
X u r ş i d b a n u. Biz öz tariximizi yaxşı bilirik, əlahəzrət. (Saata baxır, bununla da görüşün qurtardığını hiss etdirir.)
Ş a h z a d ə. Bizim bu görüşümüz cənabınıza qarşı məndə böyük hörmət və heyranlıq hissi doğurdu (qalxır). Xudahafiz, xanım (Şahzadə çıxır).
X u r ş i d b a n u (artıq qəzəbini saxlaya bilməyərək qışqırır.). Cəllad! İkiüzlü qaniçən!
M i r z ə R u h u l l a h. Əsəbiləşməyin, Banu bəyim. Bizim taleyimiz səbirmətanət istəyir, mənzil uzaq, yol çətindir.
X u r ş i d b a n u. Ax, Mirzə, elə bil ki məni dəmir məngənə arasına qoyub sıxırlar. Bəzən mənə elə gəlir ki, biz heç bir zaman bu məngənədən xilas ola bilməyəcəyik.
M i r z ə R u h u l l a h. Azərbaycan oğullarının zəkası, cəsurluğu yaşayır! Tarix bir-iki nəslin ömründən ibarət deyil, Banu bəyim. O böyük azadlığı biz görməsək də, damarlarında bizim qanımız axan gələcək nəsillər görəcək! İndi bizim bu vətən torpağında üst-üstə qoyduğumuz hər kərpic düşmənə bir güllədi! (Çıxır.)
D a ş d ə m i r. Seyid Hüseyn hüzurunuza gəlmək istəyir.
X u r ş i d b a n u. Əyləşin, cənab Seyid Hüseyn.
S e y i d H üs e y n (əyləşməyərək). Banu bəyim, sizin tapşırığınız mövcibincə beş nəfər Rusiyaya, beş nəfər də Parisə təhsi lə göndərmək üçün istedadlı gənclər intixab etdik.
X u r ş i d b a n u. Özləri necə baxırlar bu işə?
S e y i d H üs e y n. Çox sevindilər, Banu bəyim.
X u r ş i d b a n u. Bəs valideynləri?
S e y i d H üs e y n. Bəziləri əvvəl razı olmaq istəmirdilər, deyirdilər, oxutmağa gücümüz çatmaz, fəqət mən onları başa saldım ki, cavanlar onların yox, sizin xərcinizlə təhsil alacaqlar! Ondan sonra məmnuniyyətlə razılıq verdilər.
H i d a y ə t xan (Seyid Hüseynə əhəmiyyət verməyərək). Salam, əmizadə.
X u r ş i d b a n u. Xoş gəlmisən, Hidayət.
H i d a y ə t x a n. Bizim Arazqırağı kəndlərimizdəki darğamız bu gün xəbər gətirib ki, guya sən Arazdan Mil düzünə arx çəkdirmək istəyirsən. Özü də bu arx bizim torpaqlardan keçəsidir...
X u r ş i d b a n u. Bəli, elədir.
H i d a y ə t x a n. Məgər sən bilmirsənmi ki, bizim o yerlərdəki rəiyyətlərimizin hamısı köçəridir. Qışlaqda cəmi iki-üç ay olurlar. Qoyun-quzularını bir ay burada otarırlar, bir ay orada... Demək, onlara sən düşünən arx lazım deyil.