M ö h n ə t. Arazın iki ağaclığında olan ucsuz-bucaqsız Mil düzünün bərəkətl i torpaqları zəbanə çəkib yanır. Şahsevən, Afşar, Ağcabədi, Qarabulaq camaatı su dərdindən o torpaqları əkib-becərə bilmir. Sən xeyir işlər anasısan, Banu bəyim. Bəlkə, Arazdan da Mil düzünə bir arx çəkdirəsən, bizim əlimizi çörəyə çatdırasan.
X u r ş i d b a n u. Mən o barədə fikirləşirəm. İnşallah, tezliklə işə başlarıq.
M i r z ə R u h u l l a h. Banu bəyim, İran şahzadəsi sizinlə nəzakət görüşünə gəlib.
X u r ş i d b a n u. Yaxşı, mirzə, qoy gəlsin.
Ş a h z a d ə. İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xurşidbanu bəyimə öz dərin hörmətimi bəyan etməklə bəxtiyaram.
X u r ş i d b a n u. Təşəkkür edirəm, əlahəzrət. Ancaq biz qadınlar bir qədər şöhrətpərəst oluruq. Əlahəzrətin nəzərinə çatdırmaq istərdim ki, mən yalnız Qarabağın deyil, bütün Azərbaycanın - həm Şimali, həm də Cənubi Azərbaycanın şairəsiyəm! Özüm də bununla fəxr edirəm!
Ş a h z a d ə. Mən buna çox şadam, Xurşidbanu bəyim. Böyük İran səltənəti şeirisənəti qiymətləndirməyi bacarır. Xüsusən də şeir kəlamı bu qədər nəfis xanımın qəlbindən zahir ola...
X u r ş i d b a n u. Görünür, əlahəzrətin özü də şeiri çox sevir.
Ş a h z a d ə. Bəli, Xurşidbanu bəyim, Firdovsinin, Hafizin, Sədinin kəlamı ilə dil açan şəxs şeiri-sənəti sevməyə bilməz.
X u r ş i d b a n u. Dünyada qəribə təzadlar olur, əlahəzrət, şeir-sənət nəcib hislərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir.
Ş a h z a d ə (Xurşidbanunun sözünün üstündən keçərək). İran şahları həmişə şeirin, sənətin himayədarı olmuşlar. Firdovsilər, Sədilər, Hafizlər o böyük qayğı və məhəbbətdən ruh almışlar.
X u r ş i d b a n u. Məncə, o ulduzlar qədim İran mədəniyyətindən işıq almışlar. Mədəniyyəti isə xalq yaradır.
Ş a h z a d ə. İran mədəniyyətini belə qiymətləndirməyinizə xeyl i şadam, Xurşidbanu bəyim. Ancaq sizin lütfən xalq adlandırdığınız qaragüruhun əksəriyyəti günahkarlardan, canilərdən ibarətdir ki, möhkəm hökmdar olmasa, onların öhdəsindən gəlmək olmaz!
X u r ş i d b a n u (artıq əsəbiliyini saxlaya bilməyərək.). Güman edirəm ki, əlahəzrət xalq haqqında bu qədər sərt mülahizədə olmasaydı, cənubi azərbaycanlılarla, bəlkə də, başqa cür rəftar edərdi...