Q o c a k n y a z. Mən, doxsan yaşlı qoca dörd gün at sürüb, Dağıstandan bura gəlmişəm ki, Xan qızı barədə səninlə söz güləşdirəm? (Qısa pauza, dərindən nəfəs alaraq mülayim səslə.) Özün bilirsən ki, məndən sonra bizim neçə yüz il tarixi olan o müqəddəs yurdumuzda bir başıpapaqlı sən qalırsan. Sən də böyük əcdadımızın çırağını söndürüb düşmənlərimizi sevindirmə! İgid babalarının ruhundan utan, qayıt vətəninə! (Beşmetinin cibindən iri qızıl saatını çıxarıb baxır.) Mən gedirəm namaza. Özüm də səhərə qədər sənin qərarını gözləyirəm. Səhər qayıdasıyam Dağıstana.
X u r ş i d b a n u. Salam, əzizim. (Knyazı öpür.) Mil düzünü gəzdiyimi eşidib Şahsevən, Afşar camaatı tökülüb gəlmişdilər. Mənim Arazdan Mil düzünə arx çəkdirmək istədiyimi bilib o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam. Axı yarı canım qalmışdı sənin yanında. Deyir, Dağıstandan qonaqlarınız gəlib...
K n y a z X a s a y. Bəli, əmim gəlib. Banu bəyim, əmim istəyir ki, həmişəlik qayıdım Dağıstana.
X u r ş i d b a n u (bərk sarsılır. Ağır pauza). Bəs sən nə düşünürsən, Xasay?
K n y a z X a s a y. Əmimin yaşı doxsanı keçib... Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmişəlik tərk eləyib xaraba qoysam, düşmənlər sevinəcək, dostlarsa mənə nankor, yaramaz bir oğul kimi lənət yağdıracaq,
X u r ş i d b a n u (sanki bütün cəsarətini toplayaraq). Knyaz, mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm!
K n y a z X a s a y. Bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız. Gedək, Dağıstana, Banu bəyim. İndiyə qədər Qarabağda yaşamışıq, qoy bundan sonrakı ömrümüz də Dağıstanda keçsin.
X u r ş i d b a n u. Yox, Xasay! Öl desən, ölərəm, amma bu faciəli vətənimi atıb getmərəm. Mənim kəndlilərim mənə ana kimi baxırlar. Dərdlərini-sərlərini mənə açırlar. Məndən kömək umurlar.
K n y a z X a s a y. Siz tez-tez gəlib onlara baş çəkərsiniz. Axı... axı... Sizin öz həyatınız da var, Banu bəyim!
X u r ş i d b a n u. Bu medalyonun içində bizim övladlarımızın - Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyulub. Apar özünlə! Allah səni həmvətənlərinlə xoşdbəxt eləsin.
K n y a z X a s a y (həyəcanla). Ax, Banu bəyim. (Xurşidbanunu sinəsinə sıxır.)
X u r ş i d b a n u. İndisə get, knyaz! Bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə on ömür də calansa, yenə də onlar məni yaşatmağa kifayət edər!