X u r ş i d b a n u (alınaraq). Mən hər bir yaxşı işimdə səni öz yanımda hiss edirəm, knyaz. Elə bil ki biz bir adamıq...
K n y a z X a s a y (pərt halda gülümsəyir.) Biz bir-birimizi nə qədər sevsək də, ər ərdir, arvad da arvad! (Xurşidbanunun pərtliyini hiss edərək) Mən sizi başa düşürəm, Banu bəyim. Sizin xalqınızı da qiymətləndirirəm... Lakin onu da etiraf edirəm ki, elə bu məni öz gözümdən salır. Mən özüm özümə avarasərgərdan bir adam kimi görünürəm... İnanın ki, bunun səbəbini soruşsanız, izah eləyə bilmərəm, ancaq... elə bil ki siz mənə məzəmmətlə baxıb soruşursunuz: "Heç öz xalqından xəbərin varmı?!”
X u r ş i d b a n u (son dərəcə pərişan). Mən deməyə söz tapmıram, Xasay.
K n y a z X a s a y (Xurşidbanunu öpərək). Nə olursa-olsun, mən sizin məhəbbətinizdən başqa heç nə haqqında düşünmək istəmirəm. Əgər, mən indiyə qədər öz xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməm.
Xurşidbanunun malikanəsi. İşıq yananda knyaz Xasay daxil olur, hiss olunur ki, nə isə, dalğındır. Əsəbi hərəkətlə zəngi götürüb səsləndirir. Daşdəmir gəlir.
D a ş d ə m i r. Ağa, Dağıstandan qonaqlar gəlib.
K n y a z X a s a y. De, buyursunlar. (Daşdəmir çıxır. Sonra qoca knyaz daxil olur. Knyaz Xasay cəld onun qabağına yeriyərək böyük hörmətlə.) Xoş gördük, əmi. Təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim.
Q o c a k n y a z (kresloda əyləşərək). Yolda bizə dedilər ki, xan qızı Xurşidbanu Mil düzünə səyahətə çıxıb.
K n y a z X a s a y. Bəli, əmi, Xurşidbanu Arazdan Mil düzünə arx çəkdirmək istəyir.
Q o c a k n y a z. Oho... Bu çox maraqlıdır. (Kinayə ilə.) Bəs sən niyə xanımını müşayiət eləməmisən?
K n y a z X a s a y. Mən getmək istəmədim, əmi.
Q o c a k n y a z (eyni ifadə ilə). Qorxmadınmı, bu, xan qızının kefinə toxunsun?
K n y a z X a s a y (tutularaq). Siz çox qəzəblisiniz, əmi...
Q o c a k n y a z (yaşına uyuşmayan bir ötkəmliklə). Bir arvaddan ötəri vətənini - ata-baba yurdunu atan oğula qarşı mən nə cür olmalıyam? Mən on il səni Petroqradda bunun üçünmü oxutdurdum?! Sən ordan qayıdanda dağıstanlılar Allaha dua eləyirdilər ki, onların da elmli, əqilli adamları yetişir. Onlar sənə ümid bağlayırdılar. Canişinin idarəsində sənin kimi adamları olduğuna sevinirdilər. Onlar səninlə fəxr edirdilər.
K n y a z X a s a y. Əmi! Xurşidbanu Allahın buyurub, peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir.