S e y i d H ü s e y n Tehranda yazıq atam gündə on dörd saat xalı karxanasında fəhləlik eləyib məni oxudurdu. Sonra o cəhənnəm əzabına dözmədi...
D a ş d ə m i r (gəlir). Cənab şairlər sizin hüzurunuza müntəzirdirlər, Banu bəyim.
X u r ş i d b a n u (Daşdəmirə). De, buyursunlar.
S e y i d H ü s e y n. Banu bəyim, icazənizə möhtərəm şairə bir sual vermək olar?
X u r ş i d b a n u. Əlbəttə. Ağalar, Seyid Hüseyn cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, açıqfikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak eləsin.
S e y i d H ü s e y n Cənab Mamayı, siz şeirinizlə nə demək istəmisiniz?
M a m a y ı. Məgər aydın olmurdu ki, mən millətimizin dərdini tərənnüm edirəm? Arazın o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək ki sizə daha yaxşı məlumdur, cənab Seyid Hüseyn!
S e y i d H ü s e y n. Məlumdur... yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar, inilti yox!
Z a h i r b ə y. Bizim əfkarü amalımız məhəbbət və şəfqət olmalıdır. Binaənəleyh cənab Seyid Hüseyn, bilmək istərdik ki, siz nə cür vuruş nəzərdə tutursunuz?
S e y i d H ü s e y n. Mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram, cənab Zahir bəy
Z a h i r b ə y. "Həqiqi azadlıq” bir qədər mücərrəd məfhumdur, bəlkə, lütfən fikrinizi izah eləyəsiniz?
S e y i d H ü s e y n. Cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, casus olmağa məcbur edilməsin! Hamı, sizin buyurduğunuz kimi, izzətnəfsinin sahibi olsun! Cənab Mamayı şeirində bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır, fəqət neyləmək lazım olduğunu göstərmir!
Z a h i r b ə y (coşur). Ağalar, ərəb, fars dilləri milləti-islamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müəyyən edir. Milləti-islamın fütuhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırmışdır.
N ə v v a b. Zahir bəy, bağışlayın, mən deyəndə ki siz öz millətimizi tanımırsınız, rəncidə olursunuz. İslam millət deyil, dindir!
T e r V a h a n. Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub onu Şərqin fransız dili adlandırmışdır.