S e y i d H ü s e y n. Cənubi Azərbaycandanam, xan həzrətləri. İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm.
X u r ş i d b a n u. İranda neyləyirlər sizə?
S e y i d H ü s e y n. Bizə zülm eləyirlər, xan həzrətləri! Bizi çarmıxa çəkirlər!
X u r ş i d b a n u. Bu mənə məlumdur. Ancaq siz açıq da gələ bilərdiniz, niyə qaçırdınız?
S e y i d H ü s e y n. Sizdən gizlini yoxdur, xan həzrətləri, biz bir dəstə cavan qərara almışdıq ki, şahın zülmündən vətənimizin xilası uğrunda fədai olaq. Ancaq bir kəndxuda bizim fəaliyyətimizi bilib ərbaba xəbər yetirdi...
S e y i d H ü s e y n. Hər nə əmr etsəniz. Deyirlər, siz təzə məktəb açdırırsınız, mən müəllimlik də eləyə bilərəm.
X u r ş i d b a n u (Daşdəmirə). Mirzə Ruhullahı buraya dəvət elə.
D a ş d əm i r. Baş üstə. (çıxır.)
X u r ş i d b a n u .(daxil olan Mirzə Ruhullaha). Mirzə, xahiş edirəm, mənim adımdan qala rəisindən rica eləyəsiniz ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırıb içini xalı-gəbə ilə döşəsinlər. Cənab Seyid Hüseyn! Şəhərdə açdığımız məktəbə sizi müəllim təyin edirəm.
S e y i d H ü s e y n. Mən sizin etibarınızı doğruldağacam, Banu bəyim.
X u r ş i d b a n u. Tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talıbzadəni nahardan sonra mənim yanıma çağırsınlar.
(Xurşidbanu knyazın olduğu otağa keçir. Bəyim yazı stolunun üstündən şairənin "Qarənfil" şeirini götürüb oxuyur.)
İşıq sönür.
Muradalının evinin qabağında kiçik bağça. Bağçanın yanından yol keçir.
Seyid Hüseyn və Muradalı.
M u r a d a l ı. Yenə şükür ki, qaçıb canını qurtarmısan, xalaoğlu... Deyirəm, görəsən, bu Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq...
S e y i d H ü s e y n. Sənin-mənim kimilərinin qaçıb canlarını qurtarmaqları ilə yaralar sağalarmı?! Axı milyonlarla körpəli-qocalı ailə hara qaçsın? Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar.
M u r a d a l ı. On ildir ki, o tayda qalmış anamın, bacımın üzünə həsrətəm. Atam bizim obaya divan tutan o ərbabı öldürüb, məni də götürüb bu taya qaçanda on iki yaşım var idi... Deyirlər, bizdən sonra ərbabın adamları ev-eşiyimizi,bağımızı viran eləyiblər. Yazıq anam da bacımı götürüb Təbrizə qaçıb. Orada başlarına nə gəldiyindən indi də xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz. Səni də bir tikə vaxtından atan götürüb Tehrana fəhləliyə getmişdi.