Bədii yaradıcılığa kənddə müəllim işləyərkən başlayan C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” (1894) povesti ədəbiyyata qüdrətli bir sənətkarın gəldiyindən xəbər verirdi. Ozamankı Azərbaycan kəndinin və kəndlisinin vəziyyətini, həyat tərzini, düşüncəsini parlaq boyalarla əks etdirən bu
C.Məmmədquluzadə kiçik hekayənin böyük ustadıdır. Kiçikhəcmli hekayələrində ciddi ictimai mətləbləri, cəmiyyəti düşündürən mühüm sosial-siyasi məsələləri adi məişət mövzusu zəminində böyük sənətkarlıqla ifadə etməsi onun yaradıcılığının özünəməxsusluğudur.
Adi poçt qutusundan istifadə qaydasını bilməyən Novruzəlinin ("Poçt qutusu”), mövhumatın təsiri ilə aciz bir vəziyyətə düşmüş Usta Zeynalın ("Usta Zeynal”), mühüm siyasi hadisələr, inqilabi mübarizələr dövründə yaşasa da, "hürriyyət” kəlməsini yenicə eşidən, qəflət yuxusundan ayılmayan Kərbəlayı Məmmədəlinin ("İranda hürriyyət”) və digər "kiçik” adamların taleyi, hüquqlarının müdafiəsi vətəndaş sənətkarı ciddi düşündürmüş və narahat etmişdir.
Azərbaycan qadınının faciələrlə dolu həyatı və bunun səbəbləri humanist yazıçının hekayələrində ("İranda hürriyyət”, "Xanın təsbehi”, "Konsulun arvadı”, "Molla Fəzləli” və s.) ardıcıl diqqət yetirilən mühüm problemlərdəndir. Onun qadın qəhrəmanları çox güclü qüvvələrlə qarşı-qarşıya gəlirlər; onlar bəzən ədalətsiz hakimiyyət nümayəndələrinin, bəzən də ikiüzlü qazı və mollaların təqiblərinə məruz qalırlar.
Yazıçının sovet hakimiyyəti illərində yazdığı hekayələr mövzuca rəngarəngdir. Onlarda qadın azadlığı ("İki ər”, "Qiyamət”), dilin təmizliyinin, xəlqiliyinin müdafiəsi ("Şeir bülbülləri”, "Sirkə”), bürokratizmin, süründürməçiliyin tənqidi ("Qəza müxbiri”, "Ucuzluq”) və s. problemlərin bədii həlli verilmişdir.