K n y a z X a s a y. Mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl söhbətlər eşitmişəm.
X u r ş i d b a n u. Sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən, knyaz.
K n y a z X a s a y. Ola bilməz! Bütün Azərbaycan sizinlə fəxr etməlidir.
X u r ş i d b a n u. Bu sözləri səndən eşitmək mənim üçün xoşdur, knyaz. Qarabağa qonaq gəlsən, bizi şad etmiş olarsan...
K n y a z X a s a y.Böyük məmnuniyyətlə gələrəm, Banu bəyim.
C a n i ş i n. Xoş gəlmisiniz, madmazel. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. (Xurşidbanu ilə canişin əyləşirlər.) Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz, madmazel. Qaladakı çinovniklərimizdən razısınızmı? Onlar sizə lazımi qədər hörmət edirlərmi?
X u r ş i d b a n u. Onlarla elə yaxın münasibətim olmasa da, güman edirəm ki, mənə hörmət eləməyə bilməzlər, knyaz həzrətləri.
C a n i ş i n (Banunun ötkəm cavabına bir qədər təəccüb eləsə də, özünü oyerə qoymur). Əlbəttə, İbrahim xanın nəvəsinə, general Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə, siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə danışmışdır. Mən azərbaycanlıların igidliyinə heyranam. Elə bil ki Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb.
X u r ş i d b a n u. Bu bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb qardaşı qardaşdan ayırmaları ədalətli iş deyildir.
C a n i ş i n. Tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlərə məcbur olurlar. (Söhbəti dəyişir.) Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, madmazel. Mən çalışaram, atanızdan qalan mülkün bir hissəsi sizə qaytarılsın.
X u r ş i d b a n u. Knyaz həzrətləri, mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm. Mən varisi-yektayam!
C a n i ş i n (zarafatyana). Siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır?
X u r ş i d b a n u (həyəcanla). Mən tək deyiləm, knyaz həzrətləri! Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir! Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək eləyə bilmirəm.
C a n i ş i n (qısa pauzadan sonra). Yaxşı, madmazel, mən sizin xahişinizi olduğu kimi əlahəzrət imperatora çatdıraram. Ümid edirəm ki, imperator həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz.
X u r ş i d b a n u. Təşəkkür edirəm, knyaz həzrətləri. (Qalxır.)
C a n i ş i n (qalxır). Arzu edirəm knyaginyanın təşkil etdiyi bugecəki balda siz də vaxtınızı xoş keçirəsiniz. Zənn edirəm, knyaz Xasay sizi bala müşayiət etmək şərəfini qəbul edər.
K n y a z X a s a y. Məmnuniyyətlə.