olan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları milli özünüdərkə qayıdışın ədəbiyyatımızın əsas qoluna çevrilməsində mühüm rol oynamışlar. Milli özünüdərkə qayıdış ədəbiyyatı XX əsrin altmışıncı illərindən başlayaraq 70-80-ci illərdə ardıcıl və sistemli şəkildə yaranıb, müstəqillik ərəfəsinə qədər davam etmiş ədəbiyyatı əhatə edir.
"Altmışıncılar” ədəbi nəslinin gəlişi ilə söz sənətimizdə sosializm realizmi ədəbiyyatının xarakteri dəyişməyə başlamışdır. Belə ki, ədəbiyyata gələn gənc yaradıcı qüvvələr adi əhvalatları, sadə insanı ədəbiyyatın ön mövqeyinə çəkdi. İstehsalat romanları, sosializm yarışı qaliblərinin obrazının yaradılması, ideoloji xarakterli çağırışlar öz mövcudluğunu saxladığı halda, altmışıncılar ədəbi nəsli söz sənətində gerçək həyat hadisələrinin, sadə insanların, mənəviyyatda gedən proseslərin əks etdirilməsinə vətəndaşlıq hüququ qazandırdılar.
İlk dövrlərdə kəskin tənqidlə qarşılaşan yeni ədəbi nəslin yaratdığı əsərlər sosialist realizmi yaradıcılıq metodunun tələblərinə cavab vermirdi. Altmışıncılar sosialist realizmini birbaşa inkar etmədən həyata, insana, gerçəkliyə sədaqətlə yazıb-yaratmaqda davam edirdilər. Onların əsərlərində sosializm cəmiyyətindəki mövcud vəziyyətə tənqidi münasibət ifadə olunur, cəmiyyətin həyatında mənəvi böhranın həyəcan təbili çalınırdı.
Bu proseslər Azərbaycan ədəbiyyatının inkişafında ən yeni dövrün böyük başlanğıcı idi. İctimai quruluş, siyasi sistem hələ dəyişməmişdi. Amma ədəbi prosesdə meydana çıxmış ciddi keyfiyyət dəyişikliyi bədii sözün sovet ideologiyasından xilas olmasında və öz əbədi missiyasına qayıtmasında mühüm rol oynamışdır. Xalqın, insanın, gerçəkliyin əks etdirilməsində yeni münasibət, fərqli bədii düşüncə tərzi formalaşmağa başlamışdır.
Bu ədəbi nəsil, demək olar ki, ədəbiyyatın bütün istiqamətlərində təmsil olunmuşdur. Nəsrdə yeni nəsli Anar, Elçin, Sabir Əhmədov, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, İsi Məlikzadə, Mövlud Süleymanlı kimi sənətkarlar təmsil edirdilər. Onların əsərləri üçün adi insanın mənəvi aləmi, güzəranı, fikir və düşüncələri, ağrı və çətinliklərinin əks etdirilməsi səciyyəvi idi. Anarın "Ağ liman”, "Dantenin yubileyi”, Elçinin "Gümüşü furqon”, "Baladadaşın ilk məhəbbəti”, M.İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi” əsərləri və s. bu nəslin yaradıcılıq uğurlarının göstəricisi idi.
60-cılar ədəbi nəslini təmsil edən Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Cabir Novruz və başqa sənətkarların əsərləri poeziyada yeni məzmun və forma axtarışlarının nəticəsi kimi meydana çıxırdı. Bu şairlərin lirik qəhrəmanı fərdi daxili dünyası, fikir və həyəcanları olan, sosial mühitin, mənəvi ovqatın təsirini öz taleyində hiss edən insan idi. Əli Kərimin "Qaytar ana borcunu”, Cabir Novruzun "İnsan himnləri” şeirləri və s. lirik qəhrəmanın iç dünyasını, vətəndaşlıq mövqeyini yeni fikir və hislər müstəvisində, orijinal bədii üslubda əks etdirirdi.
Dramaturgiyada da yeni ədəbi nəsil uğurlu məzmun və forma axtarışları ilə seçilirdi. Onlar cəmiyyətdəki sosial və mənəvi problemləri, gerçəkliyi insanın taleyi, hiss və düşüncələri, fərdi həyat mövqeyi baxımından əks etdirirdilər.
"Qobustan” toplusu həmin ədəbi nəsli öz ətrafında cəmləşdirdi. Beləliklə, altmışıncılar ədəbi nəsli ədəbiyyatın aparıcı qüvvəsinə çevrildi.