Vahidin, Muxtarın açıq, ətraflı və hərarətli danışığından sonra sədrin təklifi ilə bir qərar qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin.
Axşamüstü süfrəyə oturanda Ağca xanım Gəldiyevə sevincli bir xəbər verdi:
- Deyəsən, müsabiqədə udursan, gözün aydın! Proyekt-bürodur, nədir, yoldaşların gəlmişdilər, əsərin üzünü verdim apardılar.
Gəldiyevin boğazı qurudu, tikəsi əlində qaldı, gözü bərəldi. Durub yazı stolunun küncünə, lülə kağızların boş yerinə baxdı. Fəlakət görmüş kimi dizinə döydü. Gəldiyev köynəyinə od doldurulmuş kimi evdə oyan-buyana ha vurnuxdu, papağını başına qoyub çıxdı. Yenə qayıtdı. Nə getməyə yeri qalmışdı, nə oturmağa səbri. Quyruğu basılmış ilan kimi fısıldaya-fısıldaya oyan-buyana keçib söyür, köksünü ötürür, dodağını gəmirirdi. Hava qaranlıqlaşanda Gəldiyev köhnə pencəklərindən birini geydi, yol papağını başına qoyub evdən çıxdı.
Beşcə gün bundan əvvəl plan idarəsinin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək” adı ilə verilən layihə ikinci mükafata, "Salam” adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub zərflərin açılmasını gözləyirdilər. Poladov ayağa qalxdı:
- Yoldaşlar, - dedi,- aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarını açmağa ehtiyac yoxdur.
Gəldiyev tez iki zərfi sədrin qabağına qoydu:
- Yoxdur, - dedi, - qazanmayanları, niyə açıb avtoru utandıraq.
Poladov göy zərfi cəsarətlə cırıb iki qatlanmış kağızı əlinə aldı, oxudu. Hamı diqqətlə dinləyirdi: "Ürək” adlı proyekti mən, Gəldiyev Kərim Abbas oğlu çəkmişəm. Bu mənim əsərimdir”.
Gəldiyev sevincindən qızarmış, pörtmüş halda gözünü sədrin əlinə dikmişdi. Nədənsə sədrdə bir soyuqluq görürdü. Poladov ikinci zərfi açdı. "Salam” layihəsinin müəllifi qocaman bir mühəndis idi. Sədr nə demək istəyirdisə, Vəzirbəyli soruşdu:
- "Ürək” layihəsinə mən də baxmışam. Bu necə şeydir? Təəccüblüdür! Xəyalına nə gəldisə, üzünü məclisə tutdu:
- Yoldaşlar, cavan bir mühəndis var, tanımamış olmazsınız. Vahid! Onun layihəsinə kim baxıb?
- Bir zəhmət çək, öz proyektini bura ver!
Poladov danışığı kəsmək istədi:
- Yoldaş jüri üzvləri, gəlin siz bu məsələni mənə etibar edin, arxayınlıqla məşğul olarıq...