Bu həmin Vəzirbəylidir ki, Gəldiyevin diplom alandan sonra ilk tikinti işinə irad tutmuş, hörmətdən salmışdı. Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Layihəni götürüb kənara qoydu, qan-tər içində Vahidin işini tapmağa ciddcəhd elədi. Gecənin birində Gəldiyev evə bir dəstə ağ, qırmızı, sarı, göy zərflər gətirdi. Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Yeddinci zərfdə Vahidin əsərini öyrənə bildi: "Açıq kitab!”
Gəldiyev iki stolu birləşdirdi, pəncərələri örtüb qapını bağladı. Vahidin layihəsini səliqəylə düyməçələdi, başladı üzünü köçürməyə:
- Ağca, buraya heç kəsi buraxmayacaqsan! Eşitdinmi?
Düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Surətini çıxarıb qurtarandan sonra bağladı, üstünə öz layihəsinin adını yazdı: "Ürək”. İstədi Vahidin layihəsini puç eləsin. Heyfi gəldi, bir də "aydın olmayan yerləri öyrənməyə lazım olar”, - deyə büküb bir küncə qoydu. Ağcanı sayıq salmaq üçün əvvəlki tapşırığı təkrar etdi:
- Ağca, bu otağa heç kəsi buraxmayacaqsan! Sözüm sözdü!
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı. Səttarzadə sol əlində tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu. Səttarzadə bülbül kimi fəğanə gəldi:
Səttarzadə bu beyti elə oxudu ki, hamı əl çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də eşitmək arzusu hamını susdurdu. Səttarzadə kitabı qabağına qoydu, badəni qaldırıb dedi:
- Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma, oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi: - Bunun adı məbəbbətdir. Düzdür, əsl məhəbbət həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. Balalarım! Füzuli kimi sevin!
... Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən, harda qaldı?!” Vahidin orada olması Verdiyevin təşvişini daha da artırdı, kürsüyə keçən kimi bir udum su içdi. Neçə vaxtdan bəri hazırladığı müqəddiməni bitirəndən sonra "partiyanın rəhbərliyi altında institutun tarixi qələbələrə doğru addımladığından” danışmağa, qrammofon kimi ötməyə başladı. Lakin gözlənilmədən verilən tutarlı suallar onu çaşdırdı. Verdiyevin zəhri yarıldı. Niyyəti, planı pozuldu. Soyuq tər vücudunu islatdı. Gözləri alacalandı, zala baxa bilmədi. Sədr onun üzünə ittihamnamə oxuyurmuş kimi bir az yaxın gəldi, səsini ucaltdı:
- Yoxsa tələbələri, müəllim heyətini aldatmaq sizə asan gəlir? Həmin iştaha ilə də bizi, iclası aldatmaq istəyirsiniz?! - Verdiyev susur, sədr suallı nəzərlə heyran-heyran ona baxırdı. - Çox qəribədir! Qoy yoldaşlar danışsın, görək institutda nələr olur, bunun baisi kimdir, nədir!..