- Bəyəm belə böhtanlar birdir, ikidir!..
Vahid haqqındakı iftira kağızları arxivə veriləndən, bu barədə həm müdiriyyətə, həm institut komsomol təşkilatına yoxlama yazılandan sonra inşaat institutunun rəhbər işçiləri əl-ayağa düşdülər. Gəldiyev xəlvətdə pıçıldayırdı ki: "Burada, deyəsən, rüşvət məsələsi var”.
İslam Verdiyev Vahidi də, atasını da hörmətlə qəbul edib köhnə əmri dəyişdi.
"Yeni Bakı” şəhərinin plan layihəsini çəkmək üçün müsabiqə elan olunmuş, üç mükafat təyin olunmuşdu. Vahid sevindiyindən qərarı dönə-dönə oxudu. Xəyalında dedi: "Fürsətdir!”
"Yeni Bakı” plan-layihəsinin müsabiqəsi haqqında təlimat üçün plan idarəsi sədri, mühəndislər, memarlar yığılmışdılar. Gəldiyev də sədrin yanında əyləşib əlində qələm danışanları qeyd etmək niyyətində idi. Onun gözü Vahidə sataşanda lap yəqin etdi: "İştirak eləyəcək”. Gəldiyev şəxsən özü layihə düzəltmək niyyətində idi. Müsabiqədə iştirak etdiyi üçün Vahidin işindən qorxurdu. Vahid heç bir mənsəb sahibi olmasa da, mütəxəssislər arasında böyük hörməti var idi. Hətta müsabiqə haqqında danışanlar onun adını çəkir, iştiraka çağırırdılar. Vəzirbəyli camaatın qabağında açıq dedi ki, "Biz qocaman memarlarla yanaşı, Vahid kimi ümid verən istedadlı mütəxəssisləri mütləq cəlb etməliyik”.
Bu da Gəldiyevə çox ağır gəldi. Öz əsərini - "şirin yuxu və istirahət hesabına yaratdığı əsəri” səliqəli bir qutuda "Ürək” adı ilə müsabiqəyə təqdim etmişdi. Gəldiyev "Ürək” əsərini hamıdan qabaq münsiflər heyətinin sədri Poladova göndərmişdi. Üç gün sonra zəng edib rəyini soruşmuşdu, Poladov etiraf etmişdi ki.
- Yoldaş katib, baxa bilməmişəm və yaxın günlərə söz verə bilmirəm.
Gəldiyev belə fürsət axtarırdı. "Ürəy”i sədrdən alıb Vəzirbəyliyə göndərdi. Vəzirbəyli telefonu təzəcə yerə qoymuşdu ki, zəng çalındı. Gəldiyev "Ürəy”ini soruşdu:
- Professor, keyfiniz-zadınız? Uşaqlar necədir? Layihəyə baxdınız, yəqin, hə?
- Mən bu layihəyə baxanda, doğrudan, heyrət etdim. Nə təhər olur, belə adamlar mühəndis adı alırlar? Əsərin başında müəllifin bir məktubu var ki, injenerəm, filanam, görəsən, hansı idarəni kor qoyur...
- Bəyənmək nədir, əşi?! Məncə, qeyri-qanuni də olsa, bu adamın paketini açmaq, harada işlədiyini bilmək, tezliklə qovmaq lazımdır. Layihə işindən xəbəri yoxdur. Allah göstərməsin belə mühəndisləri... Guya küçələri çəkir: Bayıldan Ağ şəhərəcən uzanan küçəni heç bir küçə kəsmir. Bir küçədən o birisinə keçmək üçün damlardan hoppanmaq lazım gələcək. Evlər üst-üstə minib. Bu üzdəniraq mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını!