Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Birdən-birə, həm də komitədən xəbərsiz Verdiyevin belə bir əmr verməsi təəccüblü idi.
Gəldiyev taxıl tədarükü müvəkkilliyində çalışanda bir balaca dolaşan kimi olmuşdu. Özündən soruşsan, deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu işlər gəlib”
Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl burax!”. Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar acdır”. Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: "Yoldaş Gəldiyev, bir-iki tay buğdaya gümanın gəlməzmi, bacıoğlunun toyudur, darda qalmışıq”. Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən”. Tədarükçü əməl elədi... Axırı bir gün hesabdar Gəldiyevi ayıltdı. Gəldiyev hesabdarı çağırıb açarları verdi, ezam kağızını göstərib, öz haqq-hesabını yazdırdı. Axşam yatacağını, çamadanını icraiyyə komitəsinin maşınına qoyub, birbaş Yevlaxa sürdürdü... Çox çəkmədi ki, Kərim Gəldiyev institutda "mədəni hücum” ştabının rəhbəri təyin olundu.
... Sadıq kişi mehmanxanada və ya kənd evində yatacaq yer tutduqdan sonra oğlunun işi ücün gedəcəkdi...
Onlar direktor kabinetinin ağzındakı dəhlizdə gözləyənlərə qarışdılar. Qapısında xurcunlu kişini görən direktor nəsə dedi. Sadıq kişi içəri girdi.
- Bu mənim, biədəb də olsa, oğlumdur, yoldaş direktor! Necəsə dolaşdırıb məktəbdən qovublar. İndi neçə müddəti külfətdə ovqat-talxlıqdır. Çox xahiş edirəm, ədalətlə bu işə baxasınız, uşağı oxutmağa düzəldəsiniz.
Direktor Sadıq kişiyə dedi:
- İşə tanış adam burda yoxdur, Gəldiyev yaxşı bilir, sabah gəlin, baxaq:
Bayramı Bakıda qalmalarına xüsusilə Sadıq kişi sevinirdi. O heç vaxt belə yerdə bayram keçirməmişdi. Vahid bələd adam kimi dala baxmadan ötür, atası da onun izincə yüyürürdü. Atası soruşmasa da, Vahid öz məktəblərini axtarırdı. Hər il institut ali məktəblər ilə bir cərgədə gələrdi. Vahid Rübabənin əlini sıxdı, Rübabə Rəşid ilə dünəndən Vahidi axtardığını dedi. Vahid onlara qoşulub, sevinclə yoluna davam etdi. Gəldiyev nizam gözləyən məsul bir adam kimi dəstəbaşını çağırıb danladı:
- Yadların cərgədə nə işi var?
Bayram gününün səhərisi Gəldiyev, Vahidə bir "qardaşlıq” elədi: institutun partiya komitəsi adından "məktəbin sabiq tələbəsi, hazırda ifşa olunub bayıra atılmış müzür-ünsür Nayıbov Vahid” haqqında əməlli-başlı bir xasiyyətnamə yazdı. Məktəb nümayiş komisyonunun akta oxşayan bir məlumatını da əlavə etdi. İnstitut tələbələrinin "bu müzür-ünsürə” qarşı hiddətləndiyini və onun məhkəmə vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazdı və möhürlədi.
Direksiya adından milis rəisinə bir xahiş düzəltdi. Bu xahişi direktora imzalatmaq lazım idi. Gəldiyev kağızları alıb çıxdı, birbaş milis idarəsinə götürüldü. O, Vahidin atasının Bakıda olmağına, nizamsız camaat içində dəstələrə "soxulmağına” ayrıca məna verməyə çalışırdı. İstirahət günü məktəb binasına getmələrini, "qarovulu narahat etmələrini” söyləyir və dizinə döyürdü: "Nə bilirsən, bəlkə, sovet məktəbinə qəsdən ziyan vurmağa, odlamağa gəliblər, nə bilirsən?”
Milis idarəsində bütün yazılanları, deyilənləri yığıb yoxlamaya, istintaqa verdilər. Vahidi isə Səttarzadə zəmanətə götürmüşdü. Rübabə milis idarəsinə gələndə bildi ki, komsomol komitəsi işin əsl rəngini bunlara hiss etdirmişdir. Milis işçisi bir-birinə tikilmiş müxtəlif sərlövhəli, müxtəlif həcmli, lakin eyni məzmunlu, eyni imzalı kağızlara murdar əsgiyə baxan kimi baxır, təəssüflə deyirdi: