Vahidin cavabını çəkə-çəkə komsomol bürosunun iclasına gətirdi. Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Onu bayıra çıxarandan sonra Gəldiyev ayağa qalxıb partiya komitəsinin adından iclasa nəticə vermək istədi:
- Budur, mövhumatçılar demiş, şükür Allaha, uzaqda deyil, göz qabağındadır. Budur müzür-ünsürün siması! Bu, Nayıbov Vahidin anketi, bu da altında podpisi! Yazır, gəlirim yoxdur. Fakt ilə, sənəd ilə isbat olundu ki, atası Şuşada sürü ilə arı saxlayır. Balın girvənkəsini də filan qədərə satır. Sağa da satır, sola da satır.
- Dayan, dayan, yoldaş!.. - O sözünə davam etdi: - ... Filan qədər satır, sağa da satır, sola da satır! Bu il hökumətə 225 manat naloq verib, bu nə deməkdir, yoldaşlar?Abman! Bu, sovet hökumətini aldatmaq deməkdir. Öz şəxsi mənfəətinin, necə deyərlər, xeyiri üçün bizi aldatmaq! Yox, yoldaşlar, bəsdir daha! Biz arıçılara aldanmarıq! Qoymarıq! Buna yol vermərik! Hələ biz o qədər də yatmamışıq ki, düşmən üstümüzü alsın. Görün ki, biz necə adamları instituta götürmüşük! Qovmaq, institutdan, komsomoldan!
Doğrudur, direktor Vahidin məsələsi müzakirə olunan iclasa gəlmişdi. Ancaq burada iştirak etmək, tələbənin taleyi ilə dərindən maraqlanmaq üçün gəlməmişdi. Vahid haqqında Gəldiyev onun qulağını doldurmuşdu. Gəldiyev "müzür-ünsür, qolçomaq balası, tərbiyəsiz...” - deyə Vahidi direktorun gözündə tamam nalayiq bir adam kimi qələmə vermişdi. Hətta onun sənədlərindəki saxtalığı eşidəndə Verdiyev bir qədər vahiməyə düşmüşdü. "Sabah bunun da məsuliyyətini çəkməli olacağıq!"
Gəldiyevin odlu nitqindən, direktorun soyuq yoxlamasından sonra Vahidə tərəfdar duran az oldu. Təkliflər var idi ki: "Təhqiqat üçün komissiya seçilsin”, "yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun”. Gəldiyev bu təklifi edənlərə az qalırdı ki, göz ağartması verə.
Muxtar onun üzünə baxdı: "Sss!” - deyə sükut istədiyini bildirdi. Sonra sözə başladı:
- İki kəlmə də mən deyim. Vahid haqqında deyilənlər, əlbət ki, bir ittifaq üzvü üçün arzu olunan hərəkətlər deyil. Ancaq yoldaşlar unutmasınlar ki, canlı bir insan, özü də gənc, dünən kənddən gəlmiş bir gənc haqqında, onun taleyi haqqında söhbət gedir...
Uzun mübahisə və deyişmə düşdü. Axırda qət olundu ki, təhqiqat getsin. Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın.
Vahidin institutdan qovulmaq xəbərini eşidəndə Rübabə bərk narahat oldu. Dərsdə otura bilmədi. Rübabə axşam, dərsdən sonra Vahidi çox axtardı. Gördüm deyən yox idi. Rübabə institutdan çıxanda nə qədər özünü toxtatmaq, bikefliyini gizlətmək istəyirdisə, olmurdu. Bütün gecəni fikir-xəyal ilə keçirdi. Ancaq yaxşı bilirdi ki, qovrulmağın, ya ağlamağın xeyri yoxdur. Bu saat Vahidə əldən gələn köməyi etmək lazımdır...