- Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt?
Vahid dinmir, cavab verməkdə çətinlik çəkirdi. Sadıq kişi dözə bilmədi. Vahidin qolundan tutub silkələdi:
Sadıq kişi mərdimazardan çox çəkmişdi. Oğluna atılan bu daşın bədxahlar əlindən çıxdığı xəyalına gələndə əsəbiləşdi, ürəyində dedi: "Vahid bacarmasa da, mərdimazarın öhdəsindən özüm gələcəyəm!”
Vahid düz danışmırdı. Gəldiyev onun nə ictimai işə yapışmamağından, nə sözə baxmamağından, nə atasından-filanından yanıqlı idi. Vahidin qovulmasının başqa səbəbi var idi. İnşaat institutunun layihə şöbəsində Rübabə adlı bir qız oxuyurdu. Bakılı tarzən Səttarın qızı idi. Onun fikri-zikri dərs idi, təhsil idi, elm idi.
Həmin illərdə ali məktəblərdə dərslər briqada üsulu ilə gedirdi. Sinifdə dərs briqadalara bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Tələbələr arasında danışırdılar ki, Gəldiyev qəsdən Rübabəni öz briqadasına, ya özünü Rübabənin briqadasına salıb. Riyaziyyat dərsində Rübabə stulunu götürüb Vahidin briqadasına yanaşdı ki: "Mən sizinlə oxuyacağam".
Gəldiyev tədris müdirinə dedi, dekanı çağırdı. Rübabə dediyindən dönmədi: "Mən Vahidin briqadasında oxuyacağam, vəssalam! Gəldiyev özü nə bilir, mənə nə öyrədə! Gündə üç-dörd dərs buraxır. Onun ucundan mən də imtahandan qala bilmərəm”. Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Gəldiyev çox götür-qoy elədi. Eşdi-eşələdi, anketləri roman kimi maraqla oxudu. Bir şey çıxmadı. Təsərrüfat müdirindən təqaüd üçün olan sual vərəqələrini istədi. Vərəqədə yazılmış bir cavabın üstünə barmaq basdı. Vərəqədə soruşulurdu: "Kənardan gəliriniz və orta hesabla aylıq miqdarı”. Vahid cavab vermişdi: "Kənardan gəlirim yoxdur. Heç yerdə işləmirəm...”