suvağı parça-parça
qopurdu.
Qapısı qara cəftəli
Oturardıq otaqda.
O, dəli,
mən dəli.
Bəzən də ta sübhə kimi
şeir oxuyardıq
məzəli-məzəli.
O, dəli,
mən dəli.
Ruzumuz yaxşı gündə
bir parça dağlı çörəyi,
bir tikə
Xaçbulaq ətirli
Gəncə pendiri.
Çəkməmizdə bağ yerinə
adi zivə kəndiri...
Mən deyirdim,
o deyirdi.
Füzuli, Nədim, Puşkin,
Bayron, Sabir, Natəvan...
Başımızın üstündə
qapaz kimi
sallanmış tavan.
Çay kəmşirin,
çörək yavan.
Kağızlar qom-qom,
top-top.
Gözlərimiz zilli varaqlara,
miz üstündə:
Lermontov,
Demon - Tamara.
Bir də "Ruhulla”.
Qrex - günah.
Qreşniy - günahkar.
Sonm - güruh.
Dux - ruh...
Dil açıb
türkcə danışdıqca iblis,
uşaq kimi əl çalır,
atılıb-düşürdük biz...
Bir axşamüstü
vədələşdik, ayrıldıq.
"Sabah” gəldi.
O gəlmədi.
Xilaf çıxdımı vədəyə?
Fincandakı çaydan
burula-burula qalxan
buxar kəsildi.
O gəlmədi...
Pəncərədən düşən işıq
divardan endi döşəməyə.
O gəlmədi.
Sinəmdə ürək
başladı üşüməyə.
O gəlmədi.
Fikirlərim pırtlaşdı,
oldu düyün-düyün.
O gəlmədi.
Gözlərim qapıda qaldı,
Gözlədim bütün gün.
O gəlmədi...
Qaranlıqda qərq oldu
qəlbimdəki
ümid,
giley,
intizar.
O gəlmədi.
Evinizə getmədim.
Buna nə ehtiyac var?
Gecə yoxa çıxanları
Gündüz kim axtarırdı?
O gəlmədi!
Demək,
Gələ bilmədi.
Bunu anlamaq çətin
deyildi.
Neçə-neçə ananın
bir gecədə
düz qaməti əyildi.
Gedənlərin neçəsi
axşam evində yatıb
gecə getdi.
Gedənlər bilir: gedən
gedəndə necə getdi?
Bircə anda
"yoldaş”dan dönüb
"vətəndaş” oldular.
Cavanlar vardı ki,
qaynar suya düşmüş
çiçək kimi soldular.
Qocalardan nə deyim?
Əydilər əyim-əyim...
• II dərs
• TƏHLİL
ÜZRƏ İŞ
Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin.
1.
Mətni parta yoldaşınızla birlikdə oxuyun. İlk mətnkənarı sualın cavabını biriniz ucadan
oxuyun. Bu parça ilə bağlı bir neçə açar sözü, yaxud
termini ikilikdə müəyyənləşdirib yazın. Mətni oxumayan həmin açar
sözlərdən, yaxud terminlərdən istifadə ilə bir neçə sual hazırlayır.
2.
Mətni hansınız ucadan oxumuşsunuzsa, onu bir daha nəzərdən keçirib
suallara cavab verin. İkinci şagird - dinləyən cavabla razılaşarsa, onu
qeyd edir.
3.
Növbəti mətnkənarı sualın cavabı oxunarkən rollarınızı dəyişin.
Mətn oxunandan sonra onunla bağlı açar söz, yaxud terminləri hər
ikiniz müəyyənləşdirin. Mətni hansınız oxumayıbsınızsa, həmin söz,
yaxud terminlərdən istifadə ilə suallar hazırlayıb cavablandırmağı
yoldaşınıza təklif edin. Cavabları təsdiq edirsinizsə, onları qeyd edin.
4.
Mətn bu qayda ilə sona kimi oxunduqdan sonra hazırlanmış suallar və
onların cavabları ilə bağlı bütün siniflə fikir mübadiləsi və müzakirə
aparın.
5.
Poemadan seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın. Şərti işarələrdən istifadə edin.