Xəfif, kövrək təbəssüm
qondu dodaqlarına.
Bu zaman xatiratın
Dolaşıq yollarında
Bir fanar yandı-söndü.
Bir anlığa nə isə
Bu aydınlıq içindən
mənə əziz göründü...
İllər qanrıldı geri.
Xatirələr illərin
ardından aşdı gəldi,
Yaddaşımın yolunu
gəzib dolaşdı gəldi...
Qara saçlar,
həzin, qəmli baxışlar,
bir də...
o saçların kölgəsində
titrəyən,
səni oxşayan,
sənə sevgi dastanı deyən
əllər.
Onun əlləri.
Bir uşaq kimi kövrək
o bədbəxtin əlləri...
- Tanıdızmı? - dedin.
- Tanıdım...
Bu sən idin!
Onun, onun Dilbəri...
Baxdım sənə,
bilmirəm, bir saat,
ya da bir an -
həyəcanla,
heyran-heyran...
Səsimizi eşitdi,
tez gəldi şairə də.
Görəndə səni, birdən
yerində dondu-qaldı.
Sonra da qollarını
sınıq bir budaq kimi
sənin boynuna saldı.
Üzünü tutdu yana,
Bütün vücudu əsdi.
Sən də qoşuldun ona.
Elə bil göz yaşları
sözün yolunu kəsdi.
Töküldü damla-damla...
Dərd nələr, nələr etmir
adamla!..
Handan-hana
elə bil
nitqi özünə gəldi.
Xeyli baxdı gözünə.
- Xoş gördük, Dilbər! -
dedi.
Axı o da,
o sərt boranda, qarda,
yollarına əbədi
hicran kölgəsi düşmüş
o kədərli, qorxulu,
ümidli uzaqlarda
bizimlə həmsevincdi,
həmkədər,
həmsöhbətdi...
- Gəl, əzizim, - dedi, - gəl!
Ömrün vəfası budur!
Gəl!
Otur!
Çökdü aralığa
dərin bir sükut.
Nəhayətsiz, zamansız
bir sükut.
Aciz bir düşmən kimi
mərhəmətsiz, amansızv bir sükut.
Ax!..
Bu sükutun dili yansın!
Yandırır bir köz kimi.
Yandırır
bir nadan ağzından çıxan
söz kimi!
Əlimi oda tutub mən
saxlaya bilərəm
bir neçə an.
Çəkmərəm əlimi qızmar
alovdan.
Dişlərimi qıcayaram.
Nə qədər göynəsə yaram,
nə qədər bərk ağrısa, yenə
bir-iki saniyə
qısıb nəfəsimi,
çıxarmaram səsimi.
Lakin belə sükuta
nə tabım var,
nə tavanım,
nə qərarım!
Elə bil ki, dil-dil ötür
hər hüceyrəmdə
göz-göz açılmış yaralarım.
Bir söz de!
Heç olmasa,
məni məzəmmət elə!
Danla!
Qurtar nigarançılıqdan.
Mərhəmət elə.
Gözlərində nifrət görüm.
Sözlərində hiddət görüm.
Dayanma belə məlul,
ümidsiz yollara
göz dikən kimi.
Qəzəbini yığ, yumrula,
Bük ən acı, ən amansız
sözlərə -
at üstümə
bir daş kimi!
Sanc bağrıma,
tikan kimi!
Bir şillə kimi vur!
At üstümə qom-qom,
dəstə-dəstə.
Ancaq bu sükutu kəs!
...Bircə din!
Yoxsa nadir hədiyyən
bu yanıqlı sükutdur?
Budur qəmli yollardan
keçirib gətirdiyin?..
Susursan...
Onda mənə qulaq as!
Qınama gəl, söhbətim
dağınıq olsa bir az...
***
Bakıya yenicə gəlmişdim,
Yenicə işə düzəlmişdim,
Başımda kənd havası,
bir də hər riyadan uzaq
gənclik sevdası...
Biz onunla tanış olduq
bir yaz səhəri
"Gənc işçi”də.
Tez məhrəm oldu
bir-birinə
könlümüzün gözü də,
qəlbimizin içi də...
Masamın yanına gəldi.
Əlini uzatdı:
- Mikayıl Müşfiq, -
sonra əlavə etdi:
- Qoçaqsan
qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük! -
Uğundu getdi
bu qəribə, gözlənilməz
qafiyəyə.
Sonra yoldaşlarına qoşuldu
getdi.
Dostluğumuz
belə başladı.
Sonra da illər boyu
bu dostluğu
şeirin səsi,
şeirin nəfəsi,