İbrahim xan obrazı pyesin ümumi ruhuna, yazıçı məqsədinə uyğun olaraq, əks qütbün təmsilçisi kimi işlənmişdir. Xalqa, vətənə münasibətdə Vaqiflə onun arasında dərin uçurum vardır. Onlar bir insan, şəxsiyyət kimi də fərqli qütblərdə dayanırlar. Pyesdəki təsvirlər, mənbələrdən əldə olunan məlumatlarbu iki obrazı müqayisəli səciyyələndirməyə şərait yaradır.
Ağa Məhəmməd şah Qacar həm istilaçı hökmdar kimi, həm də şəxsi keyfiyyətləri ilə özünə nifrət qazandırır. Kəndləri, şəhərləri xaraba qoymaqdan, günahsız insanları qətlə yetirməkdən doymayan bu müstəbid hökmdarın iç üzü Vaqiflə qarşılaşma səhnəsində bir daha üzə çıxır. Məlum olur ki, o, doğma dilinə, mənsub olduğu xalqa da nifrət edir. Qacarı İbrahim xanla birləşdirən ümumi cəhətləri də var. Bunun aydınlaşdırılması, ümumiyyətlə, bu obrazın hərtərəfli səciyyələndirilməsi pyesdəki təsvirlərin bir daha nəzərdən keçirilməsi, mənbəmərdəki məlumatların öyrənilməsi sayəsində mümkün olur.
Əsərdə Vidadi yalnız sədaqətli dost kimi təqdim edilməmişdir. O, insanın halına yanan, ədalətsizliyə, zülmə nifrət edən, sadə yaşayışa qane olan təvazökar, xeyirxah el sənətkarıdır.
Pyesdə az görünsə də, diqqəti dərhal çəkən Eldar sadə zəhmət adamlarını, xalqı təmsil edir. Vaqifin onunla əlaqəsi, dostluq etməsi təsadüfi deyildir; bu, "böyük vəzirin” xalqla bağlılığı, həqiqi xalq şairi olması deməkdir. Eldar İbrahim xanın simasında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında işğalçılara qarşı duran vətənpərvər bir qəhrəmandır. Vaqif- Eldar xəttinin araşdırılması müəllif niyyətinin başa düşülməsini asanlaşdırır.
Vaqifin xarakterinin, həyata baxışının aydınlaşdırılmasında Xuraman obrazının rolu az deyildir. Ona həqiqi qiyməti də elə Vaqifin özü verir. Dəbdəbə, şöhrət əsiri olan bu qadının yanlış addım atmasının səbəbini dünyagörmüş şair doğru müəyyənləşdirir. Mənbələrdəki fikirləri öyrənməklə əsərə yenidən müraciət olunması Xuraman obrazı barədə əsaslandırılmış nəticənin çıxarılmasına səbəb olur.
Pyesdəki Əli bəy, Gülnar, Eldarın silahdaşları, Vəzir, Şeyx və b. nitq, davranış və əməlləri ilə fərqlənən maraqlı personajlardır.
"Vaqif” pyesinin maraqla oxunmasının, uzun illər səhnədə oynanılmasının bir mühüm səbəbi onda bədiiliyin yüksək səviyyədə olmasıdır. Şairin poeziyasına məxsus bütün gözəlliklər
Monoloqlar yığcamlığı, dialoqlar canlı, məntiqli olması ilə əsərdə bədiiliyin güclənməsinə əhəmiyyətli təsir etmişdir. Vaqif - İbrahim xan, Vaqif - Qacar, Vaqif - vəzir arasındakı dialoqlar kəskinliyi ilə diqqəti cəlb edir. Bu dialoqlar adi deyişmə deyil, fərqli baxış, dünyagörüş, əməl və qəlb sahiblərinin çarpışmasıdır.
Mükəmməl kompozisiya, süjet əlvanlığı dramın bədiiliyini şərtləndirən mühüm vasitələr kimi dəyərləndirilməlidir. Hadisələrin məntiqi ardıcıllığı, bir-biri ilə əlaqəsi və çevik şəkildə əvəzlənməsi şairin dram sənətinin sirlərinə dərindən yiyələndiyini təsdiq edir.