Q a c a r.
Dinin düşmənidir, o ölsün gərək!
V i d a d i.
Xeyr! O, Vaqifdir, eşqə gələrək
Bəzən qamçılayır zəmanəsini,
Allah da çox sevir şeirin səsini.
Q a c a r (acıqlı.)
Allah da çox sevir? Allaha yalvar,
Onun məndən də çox ədaləti var,
Əgər bacarırsa, qoy sağ saxlasın...
V i d a d i.
Siz hökmdarsınız...
Q a c a r.
Yaxşı, qoca, mən,
Artıq əl çəkirəm ölüm fikrindən.
Ancaq kəsəcəyəm yazan əlini,
Bir də həcv deyən acı dilini.
Razısan?
V a q i f.
Razıyam, böyük hökmdar!..
Mərhəmət sahibi olur ağalar.
Eyb etməz, sizə də çatar bir əvəz,
Qatır cinsisiniz, doğub-törəməz.
Q a c a r.
Vaqif, indi get,
Saray həyatını büsbütün tərk et,
Gərək yaşamasın qədirnaşünas!
V a q i f.
Sənsə həqiqətin ağzına daş bas!
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahü-vayları...
Görmüşəm şahların vəfasını mən,
Xanların zülmünü, cəfasını mən.
Görmüşəm zamanın min rüzgarını,
Dustaq anaların göz yaşlarını.
Nifrət! Qan çanağı taclara nifrət!
Var olsun azadlıq, bir də məhəbbət...
(Çıxır.)
Q a c a r (hiddətlənərək, Vaqifin arxasınca.)
Aparın, aparın onu zindana,
Göz dağı çəkdirin Azərbaycana!
V i d a d i.
Qızılı udsa da qara torpaqlar,
Yenə qiymətini özündə saxlar...
(Çıxır.)
Q a c a r.
Bəri bax, dayanma, burda, Zülfüqar!
Vaqifi zindana sən özün apar,
Bir quş da səkməsin onun yanından!
Q a p ı ç ı (ikimənalı.)
Baş üstə, yatmaram gecəni bir an,
Əsən küləkdən də gözlərəm onu...
Q a c a r.
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..