V a q i f.
Buyurun görək!
Q a c a r.
Gərək fars dilində yazsın sənətkar.
V a q i f.
Farsın öz qüdrətli şairləri var,
Nə çoxdur onlarda böyük sənətkar.
Bizim bu dağların oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
Q a c a r.
Yaxşı, gəl əl götür bu inadından,
Bu qədər naşükür olmasın insan!
V a q i f.
Aldada bilməmiş dünyanın varı
Bir məslək eşqilə yaşayanları!
Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam!..
V ə z i r.
Ayağı çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?..
V a q i f.
Dayan! Bu bağçanın hər bir budağı
Üstündə min çiçək, min gül bitirmiş,
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş!
Q a c a r (kinayə ilə.)
Nizamiyə bax... Füzuliyə bax...
V a q i f.
Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var.
Q a c a r.
Görünür, Günəşə iştahan vardır.
V a q i f.
Günəşdən gizlənən yarasalardır...
Ş e y x.
Buna qulaq asmaq çətin peşədir.
V a q i f.
Niyə, qulağınız çoxdan şeşədir -
Böhtan eşidəndə qızarıb yanar,
Doğru söz gələndə pambıq tıxanar.
V ə z i r.
Sizin sözünüzün kəsəri azdır.
V a q i f.
Oxuyan bülbüldür, dinləyən qazdır!
V ə z i r.
Of... məndə olsaydı bundakı hünər!..
V a q i f.
Ağılsız köpəklər ulduza hürər.
Q a c a r (vəzirə.)
Di, ver cavabını, nə durmusan? Din!
Hə... yenə döyükür sarsaq gözlərin!..
V a q i f.
Neynəsin, yazığın nə təqsiri var?
İşıq güclənəndə çaşar qarovlar...
Ş e y x (kinayə ilə.)
Şairə sənətdir tikanlı sözlər.
V a q i f.
Sözdən qızarmaz ki, bozarmış üzlər...
(Qapıçı daxil olur.)
Q a p ı ç ı.
Şahım, bir qoca var, gəlsin içəri?
Q a c a r.
De, gəlsin.
(Vidadi daxil olub təzim edir.)
V i d a d i.
Hakimin hökmü, hünəri
Onun vicdanilə qardaş olmalı!
Bizə qalmayacaq dünyanın malı...
(Vaqifi göstərərək)
Şairdir... qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var,
O ölsə... dağlar da dil deyib ağlar,
Əfv edin... yaxşılıq qalır yadigar.