Q a c a r.
Qəzəl Vaqifindir?
Q a c a r.
Nə oldu? Onu tez tapıb gətirin!
(Sərkərdə baş əyib çıxır.)
Vəzir! Bu, doğrudan, böyük qüdrətdir,
Hər sözü, söhbəti canlı sənətdir.
Böyük təhlükədir bu şair bizə,
Sən nə fikirdəsən?
V ə z i r.
Nə deyim sizə,
Buyruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var.
Ş e y x.
Şahım! Təhlükədir Vaqif, doğrudan,
Onu gözünüzdən qoymayın bir an...
Deyir, qanunlarda yoxdur həqiqət,
Deyir ki, pərdədir bütün şəriət.
Nədənsə el-oba çox sevir onu,
Bilməyir bu qədər tərs olduğunu.
Bir də, bərk dostudur o qaçaq Eldar -
Sizin düşməniniz, bəli, o murdar!
Vaqif yaşadıqca - qorxudur bizə,
Şair görünməsin gözlərinizə!..
Q a c a r.
Yazdığı cavabdan bilmişəm onu,
Dayan, sovuraram göyə tozunu!
Qoy gəlsin, əylənib gülüşək bir az,
Bizim dilimizi o bağlayammaz.
(Vaqifi gətirirlər.)
Q a c a r (heyrətlə.)
Aha... baş əyməyir hüzurumda bu!
Ş e y x.
Yoxdur vicdanında qanun qorxusu.
Q a c a r (Vaqifə.)
Şair, hökmdarın hüzurundasan!
V a q i f.
Bunu sizsiz belə düşünürəm mən.
Q a c a r.
Bəs baş əymədiniz?
V a q i f.
Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli.
Q a c a r.
Qılınclar toqquşub iş görən zaman,
Neynər dediyiniz quru bir vicdan?
V a q i f.
Vicdan dedikləri bir həqiqətdir -
Beşiyi, məzarı əbədiyyətdir...
Q a c a r
Bəs zindan necədir, qaranlıq zindan?!
V a q i f.
Soyuq məzara da zinətdir insan.
Q a c a r
Yenə göylərdədir şair xəyalın?
V a q i f.
Əzəldən hüdudu yoxdur kamalın...
Q a c a r.
Aha... sınayırdım idrakınızı,
Doğrudan, bir şair görürəm sizi,
Xoşbəxt xəlq eləmiş sizi Yaradan!
V a q i f.
Dünyada qalacaq yalnız yaradan!..
Q a c a r.
Çox gözəl, çox gözəl, inanın ki, mən
Sizin ruhunuzu sevdim ürəkdən.
Bu dövlət, bu cəlal, bu şanlı saray,
Göylərin büsatı o ulduz, o ay
Sizə tapşırılsın bu gündən gərək.
Ancaq bir şərtim var.