Ə l i b ə y.
Eldar! Daha bizə ümid qalmamış,
Çəkilin meşəyə, çəkilin, Eldar!
Nahaq qırılmasın bizim adamlar.
E l d a r (hirsli.)
Əli bəy! Nə olub? Bir danış, niyə,
Sən nə danışırsan? Necə, geriyə?
Ə l i b ə y.
Qaçdı tülkü kimi, qaçdı qabaqdan...
Qaçdı İbrahim xan, açıldı yollar,
Bizə qəh-qəh çəkib güləcək Qacar...
E l d a r.
Yox... yox... basılmaz Vətən!
Hələ bu dağlarda ölməmişəm mən.
Durmayın, çəkilin tez meşələrə!
Bizim yuvamızdır bu dağ, bu dərə.
Böyük bir qüvvətlə yenə gələrik,
Qacarın üstünə biz də gülərik.
(Eldar gedir, adamları da onun arxasınca geri çəkilirlər.)
SƏKKİZİNCİ ŞƏKİL
Qarabağ. Şuşa qalası. Xan sarayı. Qacarın kef məclisi. Məclisdə əyanlar, bəylər
iştirak edirlər.
Q a c a r (böyük bir qürurla.)
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ.
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də yer üzünün bir Allahıyam.
Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!..
V ə z i r.
Buyruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var.
Ş e y x.
Ey böyük hökmdar! Ey ulu Qacar!
Sizdəki qüvvətə baş əyir dağlar.
Biz də sayənizdə ömür sürürük,
Bu fani aləmdə ağ gün görürük.
Sizə kömək olsun böyük Yaradan,
Bu müqəddəs kitab, müqəddəs "Quran”.
Q a c a r (xanəndələrə kinayə ilə.)
Belə deyirlər ki, ağladır yeri
Sizin Qarabağın xanəndələri.
Hünəriniz varsa, bir "Rast” oxuyun!
X a n ə n d ə (oxuyur.)
Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,
Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından...
Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə,
Durar könlüm, çıxar seyrə həyatın qəm otağından...
Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır,
Düşər bir gün laçın könlün şeir-sənət marağından.