Atıcı silahları və onların hissələrini köhnə yağdan və pasdan təmizləmək üçün ağ neftdən istifadə olunur. Hissə və mexanizmlər ağ neftlə təmizləndikdən sonra qurulanır və yağlanır.
Atıcı silahların silinməsi, təmizlənməsi və yağlanması üçün pambıq parça və ya xüsusi kağızdan istifadə olunur. Yarıqları, oyuqları, novları, kəsikləri təmizləmək məqsədilə müxtəlif uzunluqda və diametrdə möhkəm ağac növlərindən hazırlanmış taxta çubuq dəstindən istifadə olunur.
Atıcı silahların təmizlənməsi üçün əvvəlcə təmizləmə və yağlama materialları hazırlanır, sonra silah sökülür, alət və ləvazimatı baxışdan keçirilir, hazırlanır, lülə kanalı təmizlənir.
Lülə kanalı, adətən, lüləsi ayrılmayan silahlarda lülənin ağız tərəfindən, lüləsi ayrılan silahlarda isə lülənin xəzinə tərəfindən təmizlənir.
Lülə kanalının divarlarının sünbə ilə zədələnməsinə yol verməmək üçün sünbənin üzərinə yönəldici (penalın qapağı) keçirilir.
Lüləni maye silah yağı ilə təmizləmək üçün silginin kəsiyindən yağ hopdurulmuş əsgi keçirilir. Bu zaman əsginin uclarının uzunluğu silginin milindən qısa, qalınlığı isə elə olmalıdır ki, silgi ilə əsgi lülə kanalına bir qədər qüvvə tətbiq etməklə keçsin (yivlərin təmizlənməsi təmin olunsun).
Silahların digər metal hissələri və mexanizmləri də təmizləndikdən sonra yağ hopdurulmuş parça ilə yağlanır.
Silahların hissə və mexanizmlərini yağladıqdan sonra onlar yığılır, hissə və mexanizmlərinin işi yoxlanılır, silahların dəstinə daxil olan ləvazimatlar təmizlənib yağlanılır.