13. SİLAHLARA TEXNİKİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ
Silahların sazlığının yoxlanılması və onlara qulluğun göstərilməsi üçün texniki
xidmət vaxtlı-vaxtında və keyfiyyətli aparılmalıdır.
Sizcə, döyüş əməliyyatı zamanı silahın sıradan çıxması nə ilə nəticələnə bilər?
Texniki xidmətdən keçməmiş
silahların məşğələlərdə, təlimlərdə
və döyüş atışlarında istifadə
olunması qadağandır.
Atıcı silahları daima döyüşə hazır
vəziyyətdə saxlamaq, istismar zamanı
əmələ gələn hər hansı bir nasazlığı vaxtında
aşkar edib aradan qaldırmaq üçün
texniki xidmət keçirilir.
Atıcı silahların sazlığını, təmizliyini
yoxlamaq, onları yağlamaq və atışa hazırlamaq məqsədilə nəzarət baxışı keçirilir.
Bu, aşağıdakı hallarda aparılır:
- gündəlik;
- məşğələyə və naryada getməzdən əvvəl;
- təmizləmə vaxtı;
- döyüş şəraitində dövri olaraq gün ərzində və döyüş tapşırığını yerinə yetirməzdən əvvəl.
Nəzarət baxışını keçirmə zamanı aşkar olunmuş çatışmazlıqlar yerindəcə
aradan qaldırılır.
Bundan başqa, atıcı silahlara cari texniki xidmət edilir. Bu xidmət yığılmış
və natamam sökülmüş silahların nəzarət baxışından və təmizlənib yağlanmasından
ibarətdir.
Cari texniki xidmət aşağıdakı hallarda aparılır:
- atəşsiz məşğələlərdən sonra;
- silahları atəşə hazırlama zamanı;
- atəş məşğələlərindən sonra;
- döyüş şəraitində fasilələr zamanı;
- əgər silah otağında saxlanılırsa, həftədə bir dəfədən az olmayaraq.
Atıcı silahların təmizlənməsi
Silahların təmizlənməsi bunun üçün ayrılmış yerlərdə həyata keçirilməlidir. Sökülmə
və təmizləmə üçün istifadə olunan alət və ləvazimatlar saz, yağlama və
təmizləmə materialları isə təmiz, keyfiyyətli olmalıdır.