Başı azacıq irəli əymək və sağ yanağı qundağa yüngülcə söykəmək gərəkdir. Bu vaxt sağ göz nişangah səviyyəsində ondan 25–30 sm, yaxud elə məsafədə olmalıdır ki, atıcı nişangahın gəzini və arpacığını həmişə aydın görə bilsin. Qundağın arxa tərəfinin mərkəzi hissəsi çiyinə bərk sıxılmış vəziyyətdə olmalıdır.
Atıcı münasib vəziyyət almaq üçün gövdəsini azca irəli, yaxud geri əyir. Düzgün tuşlama atıcının
gövdəsinin, ayaqlarının, əllərinin və başının vəziyyətindən asılıdır. Silahın sabitliyi isə, öz növbəsində, düzgün tuşlamadan asılıdır. Bunu yoxlamaq üçün tuşlamadan sonra sağ əli çiyin bərabərində kənara qaldırmaq lazımdır. Əgər qundaq çiyinə düzgün və bərk sıxılmayıbsa, əl qalxdıqda o, yuxarı və ya aşağı sürüşəcək.
Bütün atış boyu silahın tuşlanmasını və atışa hazırlığını eyni cür saxlamaq üçün silahın hədəfə tuşlanmasının əvvəlki vəziyyətini əllərin deyil, gövdənin tərpədilməsi hesabına təmin etmək lazımdır. Əgər silah aşağı tuşlanıbsa, gövdəni arxaya; yuxarı tuşlanıbsa, irəli əymək lazımdır.
Dəqiq nişan almaq üçün sol gözü yummaq, sağla nişangahın gəzindən arpacığa elə baxmaq lazımdır ki, o, gəzin tən ortasında, hündürlüyü isə nişangahın hündürlüyündə olsun. Belə nişanalma düzgün arpacıq adlanır.