Taqım piyada hərəkət edərkən motoatıcı taqım komandirinin komandası ilə yaxınlıqdakı sığınacaqda yer tutur və atıcı silahlardan hava hədəflərinə atəş açır. Düşmənin pusqudan basqını zamanı döyüş maşınlarının heyəti atəş açır, aerozol (tüstü) pərdəsi yaradaraq digər maşınların məhvetmə zonasından çıxmasını, şəxsi heyətin maşınlardan enməsini və basqının dəf edilməsini təmin edir. Maşınların məhvetmə zonasından çıxmaları mümkün olmadıqda şəxsi heyət maşınlardan enərək atəş mövqeləri tutur, aşkar olunmuş hədəflərə atəş açaraq basqını dəf edir.
Hərəkət marşrutunda olan zəhərlənmə zonaları yandan ötüb-keçilir. Bu, mümkün olmadıqda belə sahələr şüalanma səviyyəsi az olan istiqamətlərdə fərdi mühafizə vasitəsindən və maşınlarda olan kütləvi qırğın silahından mühafizə sistemindən istifadə olunaraq yüksək sürətlə dəf edilir.
Dincəlmələrdə maşınlar yolun sağ kənarında biri o birindən 10 metrdən az olmayan məsafələrdə dayandırılır.
Döyüş maşınları mümkün olduğu qədər ağacların çətiri altında saxlanılır, açıq ərazilərdə isə maskalama vasitələri, yaxud yerli materiallarla maskalanır.