Marş motoatıcı taqımın əsas hərəkət qaydasıdır. Bundan başqa, taqım dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə daşına bilər.
Marş, adətən, gecə və digər məhdud görmə şəraitində, döyüş əməliyyatlarının gedişində, qoşunların uzaq dərinliyində isə gündüz yerinə yetirilir. O, cəbhəyə doğru, cəbhə boyu və ya cəbhədən arxaya doğru keçirilə bilər.
Motoatıcı taqım bir kolonla, maşınlar arasında 25–50 m-lik məsafə olmaqla marşı yerinə yetirir. Açıq yerlərdə, düşmənin yüksək dəqiqlikli silah tətbiqetmə təhlükəsi olan şəraitdə, tozlu yollarda, məhdud görmə şəraitində, çox dik eniş və ya yoxuşu, sərt döngələri olan yollarda, eləcə də yüksək sürətlə hərəkət zamanı döyüş maşınları arasındakı distansiya 100–150 m-ə qədər ola bilər.
Marş zamanı orta hərəkət sürəti böyük rəis tərəfindən yol şəraiti, silah və texnikanın imkanları nəzərə alınmaqla müəyyən edilir. Bütün hallarda marş şəraitə uyğun maksimal sürətlə yerinə yetirilməlidir.