Taqım komandiri piyadaların döyüş maşınlarının (zirehli transportyorların) atəş mövqelərini şəxsən müəyyən edir. O, döyüşü komanda-müşahidə məntəqəsindən idarə edir.
Düşmən hücumun atəş hazırlığını keçirən zaman taqımın şəxsi heyəti örtülü oyuqlarda, piyadaların döyüş maşınlarında (tanklarda), qazmalarda, səngərlərin dibində gizlənir. Onlar tez bir vaxtda öz mövqelərini tutmağa və düşmən həmləsini dəf etməyə hazır olurlar.
Taqım komandiri və müşahidəçilər düşmənin hücuma keçməsini vaxtında aşkar etmək üçün müşahidə aparırlar.
İrəlidə fəaliyyət göstərən bölmələr geri çəkiləndə taqım öz atəşi ilə onları dəstəkləyir. Müdafiənin qarşısında qurulan maneələrdə hazırlanmış keçidlərdən onların buraxılmasını təmin edir. Bundan sonra isə keçidlər dərhal bağlanır.
Taqımın silahlarından effektli atəş məsafəsinə yaxınlaşan düşmənə atəş açılır.
Düşmənin komandir maşınları və mina tralı ilə təchiz olunmuş zirehli texnikası, ilk növbədə, məhv edilir.
Düşmən müdafiənin ön xəttinə çıxmamış taqım onun hücumunu pozmağa nail olmalıdır.
Düşmənin müdafiənin ön xəttinin qarşısında olan maneələrdən keçidlər açdığı aşkar olunduqda atəş vasitələri ilə bu istiqamətə manevr həyata keçirilir.
Taqımın dayaq məntəqəsinə soxulmuş düşmən qumbaralar, yaxından atəş və əlbəyaxa döyüşlə, səngəri keçmiş tanklar isə arxadan və cinahlardan tank əleyhinə qumbaralarla məhv edilir.
Düşmən dayaq məntəqəsini yandan ötüb-keçdikdə taqım dairəvi müdafiəyə keçir, tutduğu mövqeləri möhkəm saxlayaraq əsas və ehtiyat mövqelərdən atəş açmaqla onları məhv edir.
İkinci eşelon motoatıcı taqımı, birinci eşelon taqımı kimi, dayaq məntəqəsini hazırlayır və müdafiə edir.
Düşmənin döyüş maşınlarının, tank əleyhinə atəş vasitələrinin effektli atəş məsafəsinə çatması ilə atəş açılır, onun ön xəttin qarşısına çıxmasına imkan verilmir.