Taqımların dayaq məntəqələrinin arası 300 m-ə, manqaların döyüş mövqelərinin arası isə 50 m-ə qədər ola bilər. Bu aralar daima müşahidə olunur, atəş və mühəndis maneələri ilə qorunur. Ərazinin xüsusiyyətlərinə və şəraitə görə bu məsafələr dəyişə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsinin cəbhəsi boyu bütöv səngər qazılır. Bu, manqaların döyüş mövqelərinin birləşdirilməsi üçündür. Səngərlərdən döyüş maşınlarına və müdafiənin dərinliyinə əlaqə yolları qazılır, şəxsi heyət üçün sığınacaqlar quraşdırılır.
Düşmən artilleriyasının atəşlərindən və aviasiyasının zərbələrindən itkilərin azaldılması üçün səngərlər və əlaqə yollarında örtülü sahələr, blindajlar və sığınacaqlar qurulur.
Atəş sistemi taqımın bütün atəş vasitələrinin maneələrlə sıx əlaqədə olması ilə təşkil edilir. Bu zaman mühəndis və təbii maneələr hər tərəfdən müşahidə olunmalı, atəş altında saxlanılmalıdır.
Atəş sistemi düşmənin ön xəttin qarşısında, manqaların ara boşluqlarında, dayaq məntəqəsinin cinahlarında məhv edilməsini təmin etməlidir.
Bütün atəş vasitələri gecə-gündüz və digər məhdud görmə şəraitində atəş açmağa, atəşlə manevr etməyə hazır olmalıdır.
Atəş sisteminin effektivliyi atəş mövqelərinin düzgün seçilməsi ilə bağlıdır. Hər bir atəş vasitəsi üçün əsas və ehtiyat atəş mövqeləri hazırlanır.
Atəş mövqeləri ərazi şərtlərinə uyğun seçilir. Onlar düşməni müşahidə etməyi və daha uzağa atəş aparmanı təmin etməlidir.
Piyadanın döyüş maşınları və zirehli transportyorlar taqımın dayaq məntəqəsində elə yerdə atəş mövqeləri tutur ki, cinahlara və ara boşluqlarına atəş apara bilsinlər.
Taqımın və manqaların atəş zolaqları sağ və sol sərhədlərlə müəyyən edilir. Hər bir sərhəd iki nöqtə (oriyentir) ilə göstərilir. Piyadanın döyüş maşınlarına (zirehli transportyora) və pulemyotlara əsas və ehtiyat atəş sektorları təyin olunur. Atəş zolaqları (atəş sektorları) bir-birini örtməlidir.