Heyəti, desantı və avadanlıqları zərbə dalğasından, radiasiyanın nüfuz etməsindən, kimyəvi və bioloji silahın təsirindən qorumaq üçün döyüş maşınında kütləvi qırğın silahlarından müdafiə sistemi tətbiq olunmuşdur. Maşının maskalanması məqsədilə tüstü pərdəsi qoymaq üçün tüstü mərmisi atma sistemi quraşdırılmışdır. Döyüş maşınında yanğın söndürmək üçün avadanlıq da nəzərdə tutulmuşdur. Maşına tral qurğusu birləşdirmək mümkündür. Döyüş maşını su maneələrini üzərək keçmə imkanına malikdir.
Döyüş maşınının 30 mm-lik avtomatik topu düşmənin 1500 m-ə qədər məsafədə yüngül zirehli, 4000 m-ə qədər məsafədə zirehsiz texnikası və canlı qüvvəsi ilə mübarizə aparmaq, eləcə də 2000 m-ə qədər hündürlükdə və 2500 m-ə qədər məsafədə səs sürətindən aşağı sürətlə uçan hava hədəflərinə atəş açmaq üçün nəzərdə tutulmuşdur.