Basqın zamanı manqa obyektə gizli şəkildə mümkün qədər yaxınlaşır, səssiz və ya qəfil atəşlə basqın edir. Sonra sürətlə həmlə edərək düşməni atəşlə, yaxud əlbəyaxa döyüşlə məhv edir (əsir alınır), aşkar edilmiş sənədlər götürülür. Yeni silah və texnika nümunələri ələ keçirilir, qalanları isə məhv edilir (sıradan çıxarılır). Basqından sonra manqa əvvəlcədən təyin edilmiş toplanma rayonuna geri çəkilir.
Axtarış kəşfiyyat məlumatları toplanmasının daha bir üsuludur. O, müdafiədə, yaxud hücuma hazırlaşanda təşkil edilir.
Axtarış və əsir tutmanın məqsədi əsir, sənəd, yeni silah və texnika nümunələri ələ keçirməkdir. Əsirtutma əməliyyatının həyata keçirilməsi üçün, bir qayda olaraq, motoatıcı taqım (manqa) təyin olunur, adətən, mühəndis-istehkam bölmələri ilə (mina təmizləmə vasitələri olan istehkamçılarla) gücləndirilir, dəstək üçün isə atəş vasitələri ayrılır.