Əgər düşmən aşkar edilməyibsə, dozor manqasının komandiri “Yol açıqdır” siqnalını verir və tapşırığı yerinə yetirməyi davam etdirir. Düşmən aşkar edildikdə bu barədə məlumat verir, gizli fəaliyyət göstərərək müşahidəni davam etdirir. Düşmənlə qəfil qarşılaşanda dozor manqası ona atəş açır, ötüb-keçir və verilmiş tapşırığı yerinə yetirməyə davam edir.
Kəşfiyyat məlumatlarının toplanması üsullarından biri də pusqudur. Pusqu əsir, sənəd, silah və texnika nümunələrini ələ keçirmək məqsədilə xüsusi təyin olunmuş bölmə (qrup) tərəfindən həyata keçirilir.
Pusqunun təşkili zamanı həmin bölmənin tərkibindən müşahidəçilər, ələkeçirmə və təminat qrupları təyin edilir.
Müşahidəçilərin vəzifəsi düşməni vaxtında aşkarlamaq və komandirə məruzə etməkdir.
Ələkeçirmə qrupunun vəzifəsi əsirləri, sənədləri, silah və texnika nümunələrini ələ keçirməkdir. Taqımda ələkeçirmə qrupuna təyin edilmiş motoatıcı manqa döyüş maşını olmadan da fəaliyyət göstərə bilər.
Təminat qrupunun vəzifəsi isə düşməni dayandırmaq, onun yaxınlaşmasının (geri çəkilməsinin) qarşısını almaq və döyüş tapşırığını yerinə yetirdikdən sonra geri çəkilən bölmələri atəşlə dəstəkləməkdir.
Düşmənin döyüş texnikası üzərindəki şərti işarələr (emblemlər) yadda saxlanılır və ya şəkli çəkilir. Əsirlər, düşməndən götürülmüş sənədlər, yeni silah nümunələri və texnika, harada, nə vaxt və hansı şəraitdə götürülməsi qeyd edilərək böyük rəisə göndərilir.
Kəşfiyyat məlumatlarının əldə olunması üsullarından biri də basqındır.
Düşmənin mühüm obyektinin məhv edilməsi (sıradan çıxarılması) üçün basqının icra olunması məqsədilə manqanın tərkibindən, adətən, məhvetmə qrupu ayrılır.