Sıçrama “Əsgər Məmmədli, səngərə, sıçrayaraq – İRƏLİ” komandası ilə yerinə yetirilir. Xəbərdarlıq komandası ilə irəliləmə yolunu, arada dincəlmək üçün örtülü yerləri nəzərdə tutmalı; icra komandasında tez sıçrayaraq keçməli. Ərazidən və düşmənin atəşindən asılı olaraq nəfəsi dərmək üçün dayanmalar arasında sıçramaların uzunluğu təqribən 20–40 addım olur. Qaçaraq dincəlmə yerinə çatıb uzanmalı və bir qədər yana sürünməli, göstərilən yerə çatdıqda atəş açmağa hazırlaşmalıdır.
Sürünmə “Əsgər Məmmədli, ayrı ağacın yanına, sürünərək – İRƏLİ” komandası ilə dirsəklər üstündə, iməkləyərək, yaxud böyrü üstündə üsulları ilə yerinə yetirilir.
Dirsəklər üstündə sürünmək üçün yerə tam uzanıb, sağ əl ilə silahın lülə yatağının yanında qayışdan tutub onu sağ bazu önünün üstünə qoymalı; sağ (sol) ayağı yığıb, eyni zamanda, sol (sağ) qolu mümkün qədər irəli uzatmalı; yığılmış ayaqla özünü itələyərək bədəni irəli verməli; o biri ayağı yığıb, o biri qolu irəli uzatmalı və hərəkəti həmin qayda ilə davam etdirməlidir. Sürünərkən baş çox hündürə qaldırılmamalıdır.
İməkləyərək sürünmək üçün dizlər üstə durub bazu önlərinə, yaxud əllərə söykənməlidir. Bükülmüş sağ (sol) ayağı sinənin altına çəkib, eyni zamanda, sol (sağ) qolu irəli uzatmalıdır. Sağ (sol) ayağın tamamilə düzəldilməsinə qədər bədəni irəli verməli, eyni zamanda, o biri bükülmüş ayağı öz altına çəkib, digər qolu qabağa uzatmalı və hərəkəti həmin qayda ilə davam etdirməli, bazu önlərinə söykənərək sürünəndə dirsəklər üstündə sürünmə kimi, əllərə söykənərkən sürünəndə silahı sağ əldə tutmalıdır.
Sürünərkən baş çox hündürə qaldırılmamalıdır.