Silahsız yerində və hərəkətdə əsgəri salamlaşma. Əsgəri salam dəqiq və cəld, sıra duruşu və hərəkəti qaydalarını düzgün yerinə yetirməklə verilir.
Əsgəri salam verilərkən sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmalı, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmalıdır. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişmir (şəkil 5).
Sıradan kənarda yerində əsgəri salamlaşma üçün rəisin çatmasına 5-6 addım qalmış ona tərəf dönmək, “Farağat” durmaq, rəisə baxaraq sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, rəis ötüb keçəndən sonra əli aşağı salmaq lazımdır (şəkil 4. c, d).
Hərəkətdə əsgəri salamlaşma. Sıradan kənarda hərəkətdə rəisə yaxınlaşdıqda səfər addımları ilə hərəkətə davam edərək rəisə 5-6 addım qalmış başı ona tərəf döndərmək və eyni zamanda, sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, sol əli budun yanında hərəkətsiz saxlamaq (şəkil 5); rəisi ötəndən sonra başı önə çevirərək sağ əli aşağı salmaq lazımdır.
Hərbi qulluqçunun əllərində yük (əşya) olduqda əsgəri salamlaşma üçün rəis yaxınlaşdıqda ona tərəf dönməli, “Farağat” vəziyyətini almalı, rəisə baxaraq başını rəisin hərəkət istiqamətinə çevirməlidir.
Silahla yerində əsgəri salamlaşma. Silahla sıradan kənarda yerində əsgəri salam silahsız yerində vəziyyətindəki kimi verilir (şəkil 4).
Silah “Arxada” vəziyyətində olduqda isə əsgəri salam silahsız salamlaşma qaydası ilə yerinə yetirilir.