Əsgərlər və çavuşlar yeməkxanaya geyimləri, ayaqqabıları təmizlənmiş, bölüyün baş çavuşunun, yaxud onun göstərişi ilə taqım komandiri müavinlərindən birinin komandası altında sıra ilə gəlirlər. Yeməkxanada qida qəbulu zamanı qayda-qanuna riayət edilməlidir.
Əsgərlər Hərbi And içəndən sonra hərbi hissənin yerləşdiyi yerdən şənbə günləri saat 24-dək, bazar günləri isə yatma vaxtına qədər buraxılır. Eyni vaxtda bölmədən şəxsi heyətin 30 %-dən çoxunun buraxılmasına icazə verilmir.
Buraxılma növbə ilə olur. Bu növbəni manqada manqa komandiri, taqımda isə taqım komandirinin müavini aparır.
Hərbi qulluqçular buraxılmadan qayıtdıqdan sonra bölük növbətçisini bu barədə xəbərdar edir, buraxılma vərəqələrini ona təhvil verir və bilavasitə rəislərini də məlumatlandırırlar.
Bölük növbətçisi buraxılma kitabında onların geri qayıtma vaxtını qeyd edir.
Hərbi qulluqçularla görüşə məşğələlərdən azad vaxtlarda, axşam yoxlanışına qədər icazə verilir.