Bölük növbətçisi səhər “Qalx” siqnalına 10 dəqiqə qalmış taqım komandiri müavinlərini və bölüyün baş çavuşunu, “Qalx” siqnalı ilə bütün bölüyü yuxudan qaldırır. Daha sonra səhər gimnastikası, otaqların və ərazinin təmizlənməsi, yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir.
Səhər baxışı zamanı hərbi qulluqçuların yerində olması, zahiri görkəmi və şəxsi gigiyena qaydalarına riayət etmələri yoxlanılır. Bölük növbətçisi tibbi yardıma ehtiyacı olanları briqada tibb məntəqəsinə göndərmək üçün “Xəstələrin qeydiyyat kitabı”na yazır.
Ayaqların və alt paltarlarının vəziyyəti, adətən, yatmazdan qabaq yoxlanılır.
Günün nizam qaydalarına görə müəyyən edilmiş vaxtda axşam gəzintisi, sonra isə axşam yoxlaması keçirilir. Bölüyün baş çavuşu “Farağat” komandası verib yoxlanış keçirir. O, yoxlanışın əvvəlində göstərdikləri qəhrəmanlığa görə adı bölüyün siyahısına əbədi yazılanların adlarını çağırır.
Bu adlar çağırıldıqda birinci taqım komandirinin müavini məlumat verir: “Azərbaycanın Milli Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”. Bundan sonra bölüyün baş çavuşu şəxsi heyəti siyahı ilə yoxlayır.
Soyadı çağırılan şəxs “Mən” cavabını verir. Yerində olmayanların əvəzinə, manqa komandiri cavab verir.
Məsələn, “Ezamiyyətdədir”, “Məzuniyyətdədir”.
Axşam yoxlanışı qurtardıqdan sonra bölüyün baş çavuşu növbəti gün üçün naryadı elan edir. Müəyyən olunmuş saatda “Yat” siqnalı verilir.
Tədris məşğələlərində və təlimlərdə bütün şəxsi heyət iştirak etməlidir. Məşğələlərdən yalnız xidmət naryadında olanlar azad edilirlər. Xəstə olduqlarına görə çöl məşğələlərindən azad olunmuş əsgər və çavuşlarla sinif məşğələsi təşkil olunur. Məşğələlər günün nizam-intizam qaydaları ilə müəyyən edilmiş saatlarda başlayır və qurtarır.
Məşğələlərə getməzdən əvvəl manqa komandirləri və taqım komandiri müavinləri tabeliklərində olanların formaya uyğun geyindiklərini və silahlarının dolu olmasını yoxlayırlar.
Məşğələlər və atışlar qurtardıqdan sonra istifadə olunmamış döyüş sursatı və gilizlər təhvil verilir, silahlar təmizlənir.