Növbə saatdara 10–15 addımlığa qədər yaxınlaşdıqda dəyişdirici “Növbə – DAYAN” komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə nəzarət etməyi əmr edir. Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı “Qayışa” vəziyyətini alır. Dəyişdirici saatdara “FARAĞAT”, qarovul nəfərinə “Əsgər Vəliyev, posta addımla – MARŞ” komandası verir. Saatdar bir addım sağa çəkilir, qarovul nəfəri saatdara yaxınlaşır və üzü saatdara tərəf onun yerində dayanır. Dəyişdiricinin “Saatdar, postu təhvil ver” komandası ilə saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirir. Saatdar postunun nömrəsini deyir, postlar tabelinə əsasən bütün mühafizə edilənləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında gördüklərini söyləyir. Dəyişdiricinin “Qarovul nəfəri, postu qəbul et” komandası ilə qarovul nəfəri dəyişdiricinin iştirakı ilə mühafizə olunan obyekti dolanaraq saxlancların, anbarların pəncərə və divarlarının sazlığını, maşınların, döyüş texnikasının sayını yoxlamağa borcludur.
Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə ilə məlumat verir. Məsələn: “Yoldaş çavuş Əsgər Quliyev filan nömrəli postu təhvil verdi”; “Yoldaş çavuş Əsgər Vəliyev filan nömrəli postu qəbul etdi”.