Qarnizon xidməti qarnizonun şəxsi heyəti arasında yüksək hərbi intizamı təmin etmək, qoşunların gündəlik həyat və hazırlığı üçün lazımi şərait yaratmaq, onların iştirakı ilə qarnizon tədbirlərini həyata keçirmək məqsədi ilə təşkil edilir.
Qarnizonun sərhədləri onun bütün şəxsi heyətinə yaxşı məlum olmalıdır.
Hər bir qarnizonda hərbi qulluqçular arasında qayda-qanunu və yüksək hərbi intizamı saxlamaq üçün ictimai yerlərdə, vağzallarda, limanlarda, hava limanlarında patrullar təyin edilir. Patrul heyətinə intizamlı, tələbkar, yaxşı sıra hazırlığı olan, fiziki cəhətdən sağlam və nümunəvi xidmət edən hərbi qulluqçular təyin olunurlar.
Patrul patrul rəisindən və iki-üç patrul nəfərindən ibarətdir.
Patrulun şəxsi heyətinin sol qolunda üzərində ağ boya ilə “PATRUL” sözü yazılmış qırmızı materialdan sarğı olur.
Qarovul xidmətini yerinə yetirmək üçün qarovul təyin edilir. Qarovulun qarnizon və daxili olmaqla iki növü var. Qarnizon qarovulu özünün mühafizə bölmələri olmayan əhəmiyyətli obyektləri mühafizə və müdafiə etmək üçün təyin edilir. Daxili qarovul isə bir hərbi hissənin obyektlərini mühafizə və müdafiə etmək üçün təyin edilir.
Postlara getməzdən əvvəl və qarovul otağına qayıdan kimi qarovul otağının qarşısında xüsusi hazırlanmış və işıqlandırılmış yerdə qarovul rəisinin, yaxud onun köməkçisinin (dəyişdiricilərin) komandası ilə və onların bilavasitə nəzarəti altında silahlar doldurulur və boşaldılır.