Hərbi qulluqçular arasında növbəti naryadların sayı mümkün qədər bərabər bölüşdürülür. Sutkalıq naryada təyin olunanlar təyin olunduqları gündən qabaqkı gecə bütün məşğələlərdən və işlərdən azad edilirlər. Naryada başlamazdan əvvəl hazırlaşmaq və istirahət etmək (yatmaq) üçün üç saatdan az olmayaraq vaxt verilir. Sutkalıq naryaddan çıxanlar həmin gün işdən və məşğələlərdən azaddırlar.
Bölüyün sutkalıq naryadına bölük növbətçisi və bölüyün gün növbətçiləri təyin olunurlar.
Bölük növbətçisi çavuşlardan və müstəsna hallarda daha hazırlıqlı əsgərlərdən təyin olunur. O, bölükdə daxili qayda-qanuna əməl olunmasına və günün nizam qaydalarının dəqiq yerinə yetirilməsinə, silahların, bölük əmlakının, əsgərlərin və çavuşların şəxsi əşyalarının qorunub saxlanmasına, gün növbətçilərinin düzgün xidmət etmələrinə cavabdehdir. Bölük növbətçisi hərbi hissə növbətçisinə və onun köməkçisinə, bölükdə daxili xidmət qaydasında isə bölük komandirinə və bölük baş çavuşuna tabedir. Bölüyün gün növbətçiləri isə birbaşa ona tabedirlər.
Komandir Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və Hərbi Nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim öz tabeliyindəki hərbi qulluqçulara nümunə olmalıdır.
Komandir Vətənin müdafiəsi naminə tabeliyindəki hərbi qulluqçulardan hərbi intizama və qayda-qanuna riayət olunmasını qətiyyətlə tələb etməlidir.