44 günlük Vətən müharibəsində Bayraktar TB-2, Hermers-900 PUA-larımız, Harop və Quzğun kamikadze dronlarımız düşmənin vacib hədəflərini yüksək dəqiqliklə məhv etmişdir. HHQ-nin aviaparkının döyüş imkanları Akıncı PUA-ları ilə daha da gücləndirilmişdir.
Silahlanmasında S-300 Favorit, Barak-8, Spyder, Dəmir Qübbə və s. müasir HHM vasitələri olan HHQ-miz hava hücumunun başlamasını xəbərdar edir. O, mühüm hərbi və dövlət obyektlərini düşmən aviasiyası və raket zərbələrindən müdafiə etməyə qadirdir.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaradılması və texniki təminatının yaxşılaşdırılması məqsədilə 6 ədəd sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş olunmuş, lakin sonrakı tarixi hadisələr səbəbindən hərbi donanmanın yaradılması mümkün olmamışdı. Müstəqilliyimiz bərpa edildikdən sonra HDQ-nin yaradılmasına başlanıldı.
HDQ-nin şəxsi heyəti Türkiyə və ABŞ dənizçiləri ilə birgə təlimlərdə iştirak edir. Zabit kadrlarının ixtisas hazırlığını yüksəltmək üçün bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılır. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün Xəzər hövzəsinin cavabdehlik zonasında hər il genişmiqyaslı təlimlər keçirilir.
HDQ Xəzər dənizində neft-qaz hasilatı rayonlarının və ixrac boru kəmərlərinin dənizdən keçən, eləcə də sualtı hissələrin mühafizəsini təmin edir. Bu qüvvələr dəniz akvatoriyasının dalğıc baxışlarını həyata keçirir, Xəzər dənizinin Azərbaycana aid olan sektorunda etibarlı müdafiənin təşkili, dənizdə hərbi təcavüz və terrorun qarşısının alınmasını təmin edir.
HDQ-nin döyüş imkanlarının daha da artırılması üçün yeni gəmilərin inşası, müxtəliftipli gəmi və katerlərin modernləşdirilməsi uğurla davam etdirilir.