Mühəndis qoşunları. Müxtəlif mühəndis sursatları və onların tətbiqi üçün vasitələrin təkmilləşdirilməsi müasir şəraitdə mina-partlayış maneələrinin qurulması üzrə mühəndis qoşunlarının imkanlarını 4-5 dəfə artırıb. Mühəndis maneələri və dağıntılardan keçidlərin açılması, ərazilərin minalardan təmizlənməsi üçün nəzərdə tutulan yeni mühəndis-istehkam maşınları, körpülər, eləcə də digər istehkam texnikaları mühəndis qoşunlarının imkanlarını müqayisəedilməz dərəcədə genişləndirir.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Hərbi Hava Qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alan Hərbi Nazirlik hərbi təyyarəçi peşəsinə yiyələnmək üçün 9 nəfər zabiti Gürcüstana ezam etmiş, milli kadrların hazırlanması üçün 1920-ci ildə isə Azərbaycanda Hərbi Təyyarəçilər Məktəbi açmışdı. Aviasiya məktəbində tədrisin yüksək səviyyədə təşkili məqsədilə İngiltərə və İtaliyadan təcrübəli mütəxəssislər dəvət olunmuşdu. Lakin gənc respublikamızın Sovet Rusiyası tərəfindən işğalı bütün sahələr kimi Hərbi Hava Qüvvələrinin möhkəmləndirilməsini də yarımçıq qoydu.
Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini Azərbaycan ordusuna gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına ilk qırıcı təyyarə daxil edildi.