Yoluxucu xəstəliklər təsadüfi olmayıb, bəşər tarixi ilə birlikdə inkişaf edən və dəyişən qanunauyğunluqdur. Bir infeksiyanı başqası əvəz edir, bununla da onların profilaktikasının yeni problemləri yaranır.
Yoluxucu xəstəliklərə yoluxmamaq üçün nə etməliyik?
Havalar soyuduqda bir çox yoluxucu xəstəliklərin sayı artmağa başlayır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün görülən tədbirlər onların azalmasına, bəzilərinin törədicilərinin tamam məhv olmasına səbəb olur.
İnfeksion xəstəliklər üzrə profilaktik tədbirlər ümumi və xüsusi olmaqla iki qrupa bölünür.
Ümumi profilaktika tədbirləri qrupuna əhalinin maddi rifah halının yüksəldilməsinə, tibbi təminatın, əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş dövlət tədbirləri, habelə yaşayış məntəqələrinin tikintisi və səmərəli planlaşdırılması, yoluxucu xəstəliklərin profilaktikasında, ləğv edilməsində uğur qazanmağa imkan verən bir çox başqa tədbirlər aid edilir.
Rejimli tədbirlər kompleksində xəstənin qab-qacağının, dəyişəyinin, otağının və işlənən alətlər kompleksinin dezinfeksiyası mühüm yer tutur.
Hospitala yerləşdirilmiş xəstələrin səmərəli kompleks terapiyası yoluxucu xəstəliklər barəsində görülən profilaktik tədbirlərdən biri sayılır. Xəstə tam klinik sağaldıqdan və hər bir infeksiya üçün yenidən yoluxma ehtimalının müəyyən edilmiş müddəti keçəndən sonra stasionardan çıxarılır.