Xlorlu əhəng suyu əlləri, qab-qacağı, otağı, ayaqyolunu və s. zərərsizləşdirmək üçün 0,2–0,5 faiz, 2–3 faiz, 5–10 faiz su məhlulu halında və quru halda işlədilir.
Xlorlu əhəngin 10 faizli durulaşdırılmamış məhlulunu hazırlamaq üçün 1 kq xlorlu əhəng və 10 litr (1 vedrə) su götürülür. Bu miqdardakı xlorlu əhəngə əvvəlcə azacıq su qatıb bütün kəsəklərini əzib xırdalayır və qalan suyu tədricən əlavə edərək əhəngə qarışdırırlar. Belə məhlul hazırlandıqdan dərhal sonra işlədilir.
Xloraminin 0,2–0,5 faizli məhlulu damcılı yoluxma zamanı binaları dezinfeksiya etmək, 0,2–3 faizli məhlulu bağırsaq yoluxmaları zamanı alt paltarlarını yumazdan əvvəl islatmaq üçün işlədilir.
Lizol 3–5 faizli məhlul halında maye ifrazatları, binaları, dəri və rezin məmulatları, ayaqqabıları, əlləri zərərsizləşdirmək, alt və üst paltarlarını islatmaq üçündür.
Formalin formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya kameralarında dəri və xəz əşyaları zərərsizləşdirmək üçün işlədilir.
Dezaktivasiya
Dezaktivasiya qurğulardan, binalardan, paltarlardan, sudan, qida məhsullarından və s.-dən radioaktiv maddələrin təmizlənməsidir.
Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra dərhal radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənmə ilə həyata keçirilir. Paltarların ən sadə dezaktivasiya yolu: silkələmə, tozu çırpma, tozsoranla təmizləmədir. Bu üsulların effektiv təsiri az olarsa, paltarlar xüsusi camaşırxanalarda yuyucu vasitələrlə yuyulmadır. Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.
Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət dozimetrik və radiometrik cihazlarla yerinə yetirilir.