Fərdi dərman qutusunun içərisində yanıqlar, yaralanmalar zamanı (ağrını aradan qaldırmaq məqsədilə) öz-özünə və qarşılıqlı yardım üçün lazım olan, radioaktiv, zəhərli və qəza təhlükəli kimyəvi maddələrin təsirini azaltmaq, aradan qaldırmaq və yoluxucu xəstəliklərin qarşısının alınması üçün lazım olan vasitələr olur.
Fərdi dərman qutusu yuvacıqlara malik, 90×100×20 mm ölçüdə, 130 qr çəkiyə malik plastmas qutudur. Havanın soyuq vaxtı maye halında olan dərman vasitələrinin donmaması üçün onu paltarın içəri cibində saxlamaq lazımdır. Dərman qutusunun yuvacıqlarında aşağıda göstərilən dərman vasitələri yerləşdirilir:
Yuvacıq №1. Ağrıkəsici vasitə şpris-tübikdə hazır halda olur. Sınıqlar zamanı geniş sahəli yaralar və yanıqlarda istifadə edilir. Təcili hallarda inyeksiyanı paltarın üstündən də yeritmək olar.
Yuvacıq №2. Zəhərlənməyə qarşı vasitə. Fosfor-üzvi zəhərləyici maddələrlə zəhərlənmələr zamanı antidot istifadə olunur. Zəhərlənmə təhlükəsi olduqda antidot qəbul edilir və bundan sonra əleyhqaz geyinilir.
Yuvacıq №3. Bakteriyaya qarşı vasitə. Bu preparatdan radiasiyanın təsirindən yaranan mədə-bağırsaq pozuntularında, yoluxucu xəstəliklərin profilaktikasında istifadə edilir.
Yuvacıq №4. Radiasiyaya qarşı vasitə. Radiasiya təhlükəsi olduqda qəbul edilir.
Yuvacıq №5. Geniş təsir spektrli bakteriyaya qarşı vasitə. Yoluxucu xəstəliklərlə yoluxma təhlükəsi olduqda, yaxud yoluxma baş verdikdə, geniş ölçülü yanıq və yaralarda təcili profilaktik vasitə kimi istifadə olunur.