Paketdən istifadə edərkən onu sol əldə tutub sağ əl ilə üzlüyün çərtilmiş kənarından dartmaq, yapışdırılmış hissəni qoparmaq və içərisindəki mumlanmış paket və sancağı çıxarmaq lazımdır. Kağız örtüyün büküşündən sancağı çıxarıb müvəqqəti olaraq göz önündə paltara bərkidilir. Mumlanmış kağız örtüyü ehtiyatla açıb sol əl ilə bintin pambıq-cuna yastıqcıq tikilmiş kənarından tutulur və sağ əl ilə bint açılır. Bu zaman ikinci yastıqcıq sərbəst açılır ki, onu bint boyu hərəkət etdirmək mümkün olsun. Yastıqcıqların bir üzü qırmızı saplarla tikilib. Vacib olduqda yardım göstərən əlləri ilə yalnız yastıqcığın bu üzünə toxuna bilər.
Yastıqcıqların digər tikişlər olmayan səthi yaranın üzərinə qoyulur. Kiçik yaralanmalarda yastıqcığın biri yara üzərinə qoyulur. Böyük ölçülü yara və yanıqlarda isə hər ikisindən yanaşı şəkildə istifadə edilir. Deşilmiş ikitərəfli yaralarda yastıqcığın biri yaranın giriş, digəri isə çıxış hissəsinə qoyulur. Sonra dairəvi gedişlə yara bintlənib sancaqla bərkidilir. Paketin üzlüyünün daxili səthi steril olduğu üçün onlardan hermetik sarğılarda istifadə edilir. Paket əleyhqazlar üçün olan xüsusi çantalarda və ya paltarın cibində saxlanılır.