Zərərçəkmiş arxası üstə döşəməyə və ya düz yerə uzadılmalıdır. Yardım göstərən şəxs yan tərəfdə duraraq əllərini bir-birinin üstündə yerləşdirir və xəstənin döş qəfəsinin aşağı hissəsinə qoyaraq öz bədəninin ağırlığı ilə döş qəfəsini ritmik şəkildə (dəqiqədə 80–100 dəfə) onurğa sütununa doğru sıxır. Yardım göstərənlərdən biri ürəyin qapalı masajını edir, digəri isə süni tənəffüs verir. Ürəyin qapalı masajı və süni tənəffüs ürək fəaliyyəti bərpa olanadək davam etdirilir. Bu zaman zərərçəkmişin yuxu arteriyasında nəbz vurğusu əmələ gəlir. Sifətində, dodaqlarında göyərmə azalır, bəbək refleksi bərpa olunur, qan təzyiqi yüksəlməyə başlayır. Yardım göstərən tək olduqda hər 10 ritmik hərəkətdən sonra zərərçəkmişin ağ ciyərlərinə “ağızdan ağıza” və ya “ağızdan buruna” 2 dəfə hava üfürür.
Süni tənəffüs vermək üçün əvvəlcə zərərçəkənin ağız boşluğu, burnu qumdan, torpaqdan, lildən və s. təmizlənməli, diş protezi varsa, çıxarılmalıdır. Sonra xəstənin başı geri dartılır, ağzına təmiz tənzif və ya dəsmal örtülür, burnu barmaqla sıxılır, hava sürətlə zərərçəkənin ağzına üfürülür. Bu zaman döş qəfəsinin genişlənməsi havanın ağ ciyərlərə daxil olmasını göstərir. Xəstənin tənəffüsü bərpa olunana qədər süni tənəffüs davam etdirilir.