İlk yardım göstərərkən hadisə yeri diqqətlə nəzərdən keçirilməli, şərait qiymətləndirilməlidir. Elə etmək lazımdır ki, yardım edən özü də zədələnməyə məruz qalmasın (elektrik cərəyanı, uçqun və s). Əlavə zədə almaması üçün zərərçəkəni düşdüyü əlverişsiz şəraitdən ehtiyatla çıxarmaq vacibdir. Onu sakit bir yerdə uzatmaq, kəmərini boşaltmaq, yaxasını açmaq, üstünü örtmək və tibbi yardım çağırmaq lazımdır. Zərərçəkmişin vaxtında tibb məntəqəsinə çatdırılması onun həyatını xilas etmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu zaman istənilən yolüstü nəqliyyatdan da istifadə etmək olar.
Əksər hallarda zərərçəkənə yardım göstərərkən onun paltarını çıxarmaq lazım gəlir. Belə olduqda paltar əvvəlcə bədənin salamat tərəfindən çıxarılır. Güclü qanaxmalar və yanmalar olduqda ən yaxşı üsul paltarı kəsib atmaqdır. Yanıb dəriyə yapışmış paltarı güc tətbiq etməklə qoparmaq qəti qadağandır. O, ehtiyatla kəsilib götürülməlidir.
Zərərçəkmiş huşsuz vəziyyətdədirsə, onun başını yana çevirmək lazımdır ki, qusuntu kütləsi tənəffüs yollarını bağlamasın.
Ürək və tənəffüs fəaliyyəti dayanıbsa, bu heç də zərərçəkmişin ölməsi demək deyil. Ürək fəaliyyəti və tənəffüsün dayanması çoxlu qanitirmə, tənəffüs yoluna yad cismin düşməsi, elektrotravma, suda boğulma, kəskin zəhərlənmə, uçqun altında qalma nəticəsində baş veribsə, dərhal ürəyin qapalı masajına və süni tənəffüsə başlamaq lazımdır.