2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanata baxmayaraq, 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində ərazinin relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə bölmələrimizin mövqeləri arasındakı ərazi və təminat yollarını minalamışdı.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması, hərbi qulluqçularımızın, Kəlbəcər və Laçın rayonları ərazisində tikinti-bərpa işlərinə cəlb olunmuş mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Düşmənin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi infrastruktur darmadağın edildi.
Azərbaycan Silahlı Qüvvələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, hakim yüksəklikləri nəzarətə götürdü. O, Ermənistanın gələcəkdə Azərbaycana heç bir real təhlükə yarada bilməyəcəyini sübut etdi.