Hər hansı fövqəladə hadisə zamanı zərər çəkmiş şəxsin həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün ona göstərilmiş ilk tibbi yardımın böyük əhəmiyyəti var. Hadisə yerində yubanmadan ilk tibbi yardım göstərməklə ağır fəsadların qarşısını almaq mümkündür.
Fövqəladə hallar zamanı ilk tibbi yardım hansı bilikləri zəruri edir?
İstənilən vaxtda və məkanda baş verə biləcək fövqəladə hadisə zamanı yaxınlıqda tibb işçisi olmaya bilər və bu vaxt digər şəxslər zərərçəkmişə ilk yardım göstərməyə borcludurlar. Özünü itirmək və bacarıqsızlıq zərərçəkmişin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə hər kəs ilk tibbi yardım qaydalarını öyrənməli və ehtiyac olduqda həkim gələnə qədər yerinə yetirməlidir.
Təbii fəlakət zamanı insanlarda düşüncə və davranış dəyişikliyi, həyəcan, depressiya, əsəbilik, ağlama, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək və s. hallar yaşanır. Bunların baş verməməsi üçün hər kəsin maariflənməsi, müxtəlif fövqəladə hadisələrə əvvəlcədən hazır olması vacibdir. Fəlakət zonasına düşmüş şəxs özünü ələ almalı və təmkinli olmağa çalışmalıdır.