Sağlam həyat tərzinin formalaşdırılmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın və idmanla məşğul olmağın təsiri böyükdür
Sağlam həyat tərzini hansı amillər şərtləndirir?
Hörmətli gənclər, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu), hemofiliya, talassemiya, narkomaniya, alkoqolizm, xərçəng və s. xəstəliklərin geniş yayıldığı bir dövrdə yaşayırıq. Sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər kəsin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir. Məktəblilərdə onun formalaşmasında valideyn və müəllimlərin şəxsi nümunəsi xüsusi rol oynayır.
Siz Həyat bilgisi, Biologiya, Çağırışaqədərki hazırlıq fənlərini öyrənərkən ekoloji biliklərə yiyələnməklə yanaşı, ekoloji təfəkkür və mədəniyyətə malik şəxsiyyət kimi də formalaşırsınız. Asudə vaxtınızın səmərəli təşkili sizi zərərli vərdişlərdən çəkindirir, sağlam həyat tərzinə meyilləndirir. Ətraf mühitin qayğısına qaldıqca öz fiziki və mənəvi sağlamlığınız barədə də düşünürsünüz.